Nikahda ideal yaş fərqi neçə il olmalıdır?
1.2.2019

Nikahda ideal yaş fərqi neçə il olmalıdır? Heç bu barədə düşünmüşünüz? Bunun hər hansı önəmi var?

Ekspertlər hesab edir ki, bu məsələdə hər şey fərdi xarakter daşıyır. Bununla belə, nikahda qadınla kişi arasında yaş fərqinin 15 ildən çox olmasını tövsiyə etmirlər. Çünki bioloji yaş onsuz da gec-tez özünü büruzə verəcək.

Nikahları üç kateqoriyaya bölmək olar. Bizim ölkə üçün klassik olan kateqoriyaya əsasən, kişi qadından böyük olur (10 ildən çox olmamaq şərtilə). Ancaq ərin arvaddan 20, hətta 30 yaş böyük olduğu nikahlara da rast gəlmək olur. Bəli, bu məhəbbətdən qaynaqlana bilər, ancaq daha çox maddi maraqlardan irəli gəlir.

Bəzən də elə olur ki, qadın kişidən böyük olur. Beş yaşa qədər olan fərq o qədər də nəzərə çarpmır və hər hansı problem yaratmır. Ancaq fərq beş ili ötəndə, cütlüyün ətrafında müxtəlif şayiələr yayılmağa başlayır. Üstəlik, ər də yaşlı qadınla uzun müddət yaşamağa hazır olmur; əgər burda hər hansı maddi maraqlardan söhbət getmirsə.

Üçüncü nikah kateqoriyası isə həmyaşıdlar arasında baş tutan nikahdır. Bir tərəfdən bu, çox yaxşıdır: ümumi maraqlar, ümumi dostlar və ümumi istəklər olur. Ancaq digər tərəfdən, onlar liderin müəyyənləşdirilməsində çətinlik çəkirlər, bu daimi “axtarış” bəzən münaqişələrə səbəb olur.

Psixoloq Azad İsazadə nikahda ideal yaş fərqi anlayışının şərti olduğunu hesab edir.

Bu çərçivələri cəmiyyət özü təsbit edib və onlara sadiq qalmağa çalışır. Bizim cəmiyyətdə, adətən, qadınlar 3-5 yaş böyük kişilərə ərə gedirlər. Bu, optimal yaş fərqi sayılır.

Onun sözlərinə görə, qadının ərindən 2-3 yaş böyük olduğu nikahlara da tez-tez rast gəlmək olur. Onlar gözəl yaşayırlar və bir-birini başa düşürlər. Ancaq yaş fərqi 10 ili ötəndə birgəyaşayış dövründə problemlər meydana gəlməyə başlayır.

“Yeri gəlmişkən, Məhəmməd peyğəmbər özündən 15 yaşı böyük dul qadınla evlənib. Həmin dönəmlər üçün bu məqbul idi. Onlar sona kimi birlikdə yaşadılar”, - deyə İsazadə bildirib.

Mütəxəssisin sözlərinə görə, bu, son dərəcə fərdi xarakter daşıyır. Əsas məsələ cütlüklər arasındakı münasibətlərin hansı səviyyədə olmasıdır. Ancaq təəssüflər olsun ki, qeyd olunan şərti çərçivələrə cəmiyyətimizdə tez-tez diqqət göstərirlər. Aşağı hədd mövcuddur (çünki insanlar fiziki baxımdan formalaşmalıdırlar), ancaq yuxarı hədd mövcud deyil.

Psixoloq Gülşən Rüstəmova isə hesab edir ki, nikah üçün yaş fərqi heç bir əhəmiyyət kəsb etmir. İnsanın özünü necə hiss etməsi daha vacibdir. Toya mənəvi baxımdan hazır olan insanlar var. Əgər onlar bunun ciddiyyətini və məsuliyyətini dərk edirlərsə, yaş fərqi, sadəcə, rəqəm olaraq qalır.

“18 yaşına qədər olan insanların ailə qurması fizioloji nöqteyi-nəzərdən arzuolunan deyil. Həmçinin, onu da qeyd etməliyəm ki, qızlar oğlanlardan 3-4 il daha daha tez inkişaf edir, ona görə də qadınlar özlərindən yaşca böyük kişilərə üstünlük verirlər”, - deyə psixoloq bildirib.

Rüstəmovanın sözlərinə görə, əsas məsələ həyat yoldaşını yaş fərqinə görə yox, daxili keyfiyyətlərinə görə seçməkdir. Çünki yaşı 40-dan çox olub özünü 20 yaşlı yeniyetmə kimi aparan çox kişilər var.

Onu da əlavə edək ki, bir müddət əvvəl Finlandiyada müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, tədqiqatçılar kişilərə özlərindən 15 yaş kiçik olan qadınlarla evlənməyi tövsiyə edir. Onlar bu tövsiyəni gələcəkdə uşaqların sağlam doğulması ilə əsaslandırır. İsveçrədə yerli mütəxəssislər kişilərə altı yaş kiçik xanımla evlənməyi məsləhət görürür. Rusiya isə alimlər həmyaşıdlar arasında bağlanan izdivaclara “xeyr” deyir.


Saglamolun.Az