Prezident: 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən 5 minə yaxın iş yeri açılacaq
1.2.2019

Biz son vaxtlar ənənəvi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox ciddi iş aparırıq. Artıq 20 xalça fabriki fəaliyyətdədir. Hər fabrikdə orta hesabla 100, yaxud 150 iş yeri yaradılır, xüsusilə qadınlar üçün. Mən fabriklərin əksəriyyətinin açılışlarında iştirak etmişəm və görmüşəm ki, buna nə qədər böyük ehtiyac var.

Bu fikirləri Prezident İlham Əliyev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı bildirib ki, bu, qadınları işlə təmin etmək, qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır: “Bütövlükdə isə bizdə 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən 5 minə yaxın iş yeri açılacaq. Bu il Sumqayıt şəhərində əyirici boyaq fabrikinin açılışı gözlənilir. Beləliklə, biz artıq xalça istehsalında xarici xammaldan asılılığı aradan götürəcəyik”.


azertag.az