Savalan yaşayış massivinin yolları yenidən qurulur
7.2.2019

Başlanğıcını Zabrat-Maştağa avtomobil yolundan götürən “Savalan” yaşayış massivinin 3 km uzunluğa malik yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, yenidənqurma işləri çərçivəsində yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb, torpaq yatağı profilə salınaraq hamarlaşdırılıb.

Onun sözlərinə görə, təmir-tikinti işləri çərçivəsində yola 2 laydan ibarət 12 sm qalınlığında yeni iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir:

“Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək. Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub”.

trend.az