Azərbaycan məhsulları “Prodexpo 2019”-da medala layiq görülüb
20.2.2019

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 11-15 fevral tarixlərində Moskvada təşkil edilmiş “Prodexpo 2019” beynəlxalq sərgidə nümayiş olunub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sərgidə qida, şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.

Məhsullarımız sərgi təşkilatçıları və xarici şirkətlər tərəfindən yüksək qiymətləndirilib.

Belə ki, sərgi zamanı təşkil olunmuş “Prodexpo International Wine Competition and Guide” müsabiqəsində “Göygöl Şərab Zavodu”nun istehsalı olan şərablar - “Karabakh Chardonnay” qızıl, “Karabakh saperavi” gümüş, “Karabakh rose” bürünc medala, “İlin məhsulu 2019” beynəlxalq müsabiqəsində isə “Ləzzət qida sənaye” MMC-nin “Lay-Lay” qənnadı məhsulu qızıl medala layiq görülüb.

Sərgidə Azərbaycan məhsullarının ixracına dair danışıqlar aparılıb, razılıqlar əldə olunub.

Belə ki, “Aqro-Azərinvest” şirkəti nar şərabının, “Sunfood” şirkəti konservləşdirilmiş məhsulların ixracına dair, habelə “Naiqin Ko-Tovuz Baltiya” şirkəti Qazaxıstan və Çindən olan şirkətlərlə nar və heyva şərabının ixracına dair 2 müqavilənin imzalanması barədə razılıq əldə edib.

“Baku Konserv” şirkəti isə Kalininqrad şəhərində yerləşən iri ticarət şəbəkəsi ilə meyvə şirələri və mürəbbələrin ixracına dair razılığa gəlib.

“Buta Aqro” şirkəti istehsal etdiyi məhsulların ixracına dair Belarusda fəaliyyət göstərən iri restoran şəbəkəsi və Novosibirskdə fəaliyyət göstərən mağazalar şəbəkələri ilə danışıqlar aparıb.

“Binə Aqro” və “Crispa” şirkətləri Rusiyadan olan distribüter şirkətləri və bir sıra iri ticarət şəbəkələri ilə məhsullarının satışı barədə danışıqlar aparıblar.

trend.az