Ekspert: Prezident İlham Əliyevin çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağlı fərmanı vətəndaş məmnunluğunu daha da artıracaq
20.2.2019

Azərbaycanda dövlət siyasətinin sosial məzmununu təkmilləşdirən daha bir addım Prezident İlham Əliyevin çoxmənzilli hazır yaşayış binalarının istismar sənədlərinin sadələşdirilməsi barədə fərmanı ilə atıldı.

Bunu  "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, dövlət başçısının çox böyük praktiki əhəmiyyət daşıyan bu fərmanı ilə hansı miqyaslı problemin həllinə şərait yaradıldığını indi Azərbaycan mühitinə bələd olan hər kəs başa düşür: "Bu fərman illərdən bəri yaşadığı mənzili sənədləşdirə bilməyən, tikinti şirkətləri və müxtəlif rəsmi qurumlarla çox çətin problemlər yaşayan minlərlə insanın yolunu açmaq və problemin həllini asanlaşdırmaq deməkdir, bütün Azərbaycan cəmiyyətinin həyat tərzinə təsir göstərmək mahiyyəti daşıyır. Daha dərin yanaşdıqda isə bu fərman əhatə və təsir dairəsinə görə çoxşaxəli xarakter daşıyır".

O əlavə edib ki, illər uzunu yaşadığı mənzili sənədləşdirə bilməyənlər, faktiki yaşadığı evinə mülkiyyət hüququ ala bilməyən, hüquqi müstəvidə problemlərlə üzləşən, bir çox hallarda dələduzların qurbanı olan, tikinti şirkətləri ilə üzücü çəkişmələr yaşayan, öz halal mənzilinə köçə bilmədiyinə görə kirayələrdə qalan on minlərlə insan üçün nicat yolu açmaq Prezidentin adıçəkilən fərmanının sozsüz ki, ilk birbaşa nəticəsi olacaq:

"Digər tərəfdən, bu fərman hansısa səhvinin nəticəsi olaraq neçə illərdir sənədləşmə üçün qapılarda qalan tikinti şirkətlərinin də işini asanlaşdıracaq: "Bu, Azərbaycanın sürətli iqtisadi inkişafının nəticəsi olan böyük tikinti bumunun məntiqi davamını gətirmək baxımından da əhəmiyyətlidir. Belə ki, böyük sürətlə tikilsə də, tikilmiş binaların sənədləşdirilə bilməməsi kimi bir problem ortada idi. Bu mənada Prezidentin fərmanı hazır binaların statusunu rəsmiləşdirməklə yanaşı, həm də yeni, ancaq bu dəfə daha möhkəm qanuni əsaslara söykənən yeni tikinti mərhələsinə imkanlar açır".

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı süründürməçilik və rüşvət kimi amillərin qarşısına sədd çəkmək gücünə malik olduğu üçün ölkədə vətəndaş məmnunluğunun səviyyəsini daha da yüksəldən hadisə kimi diqqəti cəlb edir:

"Dövlət başçısının başlatdığı yeni prosesə sadəcə tikinti və ya sənədləşdirmə məzmununa malik texniki iş kimi baxmaq olmaz. Bu fərmanda dövlətin sosial himayə siyasətinin, inkişaf edən tikinti sektorunu qanuni nöqteyi-nəzərdən daha da təkmilləşdirməyin, vətəndaş hüquqlarını müdafiə etməyin, qanunçuluq sferasını genişləndirməyin, mülkiyyəti etibarlı dövlət himayəsinə almağın və dövlət siyasətinin sosial məzmununu daha da dərinləşdirməyin əlamətləri var. Deyilənlər fərmanın sosial, humanitar, hüquqi və daha geniş mənada dövlətçilik əhəmiyyətini ifadə edir. Bu fərmanı davamlı şəkildə aparılan minimum əməkhaqqı və pensiyaların, yaşayış minimumunun, müavinətlərin artırılması, habelə köçkün və şəhid, əlil ailələri üçün görülən böyük işlərin, ümumən geniş işlahatlar və sosial təminat fəaliyyətlərinin davamı kimi qiymətləndirmək lazımdır".

trend.az