Sabahdan başlayaraq martın 14-nə qədər Rusiyanın paytaxtı Moskvada beynəlxalq turizm sərgisi - “MITT 2019” keçiriləcək.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, sərgidə Azərbaycanı Agentliyin və Azərbaycan Turizm Bürosunun, eləcə də bir sıra yerli turizm şirkətlərinin və hotellərin nümayəndələri təmsil edəcək, ölkəmizin turizm potensialı və yeni turizm məhsulları təqdim olunacaq.
Sərgi çərçivəsində Rusiyanın və müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər də keçiriləcək.
Xatırladaq ki, Azərbaycan 2002-ci ildən etibarən qeyd olunan sərgidə iştirak edir. 2018-ci ilin dekabrından etibarən Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir. Rusiya Azərbaycan turizm bazarında ən çox paya sahib olmaqla, xarici ziyarətçilərin sayına görə I yerdə dayanır.
report.az