Azərbaycanda Vergi Məcəlləsinə ötən il edilmiş və az qala inqilabi xarakter daşıyan 250-dən artıq dəyişikliyin bu ildən uğurla tətbiqinə başlanılıb. Belə ki, həmin dəyişikliklərlə Bakıda sadələşdirilmiş verginin dərəcəsi 4%-dən 2%-ə endirilərək regionlarla eyni səviyyəyə çatdırılıb, bu verginin ödəyicilərinin əhatə dairəsi məhdudlaşdırılıb, ölkəyə idxal olunan avtomobillər üçün aksiz vergisi artırılıb, ən vacibi neft-qaz sahəsindən kənardakı qeyri-dövlət sektorunda çalışaraq 8 min manata qədər əmək haqqı alanlar gəlir vergisindən azad edilib. Bununla da, dövlət ölkədə qeyri-neft sektorunun inkişafına ciddi dəstək verməkdədir.
"Report" xəbər verir ki, bundan başqa, yeni Vergi Məcəlləsi ilə Azərbaycanda sahibkarlar 4 əsas kateqoriyaya bölünüb. Belə ki, əməkdaşlarının sayı 10-ə qədər olan, illik gəliri 200 min manatı keçməyən sahibkarlıq subyektləri mikro, əməkdaşlarının sayı 11-50 arasında dəyişən, illik gəliri 200 min manatdan 3 milyon manata qədər dəyişən sahibkarlıq subyektləri kiçik, işçilərinin sayı 51-250 nəfər arasında dəyişən və illik gəliri 3-30 milyon manat arasında dəyişən sahibkarlıq subyektləri orta, əməkdaşlarının sayı 251-dən yuxarı olan və illik gəliri 30 milyon manatı ötən sahibkarlıq subyektləri isə iri biznesə aid edilib. Bununla da, ölkədə xeyli sayda iş adamı mikro sahibkar hesab olunub və gəlir vergisinin ödənilməsində 75%-lik güzəşt əldə edib.
Bundan başqa, yeni ildən Azərbaycan sahibkarları və vətəndaşlarının sosial sığorta yükü artırılıb, bu sahədə vergilərin yığılmasına nəzarət səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınaraq Vergilər Nazirliyinə verilib.