Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin, balıqçılıq fəaliyyəti üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi tələb ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.
Dəyişikliyə uyğun olaraq, kooperativlərin, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin, irimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməlidir.
Dəyişikliyin edilməsində məqsəd su, torpaq, meşə, bitki və heyvanlar aləmindən istifadənin əsaslandırılması, eləcə də torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin statusunun qorunmasıdır.
Layihəyə əsasən, bu obyektlər təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur.
Ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması bu qanun qüvvəyə minədək həyata keçirilən fəaliyyətlərə də şamil ediləcək.