Nazir: Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək iclasına 3 mindən çox qonaq qatılacaq
15.4.2019

2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycana müxtəlif ölkələrin 3 mindən artıq nümayəndəsi gələcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi əsasında başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində Qobustan Dövlət Tarix-Bədii Qoruğunda keçirilən kütləvi ağacəkmə aksiyasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycan Ümumdünya İrs Komitəsinin 43-cü iclasına sədrlik edəcək:

“Qeyd edim ki, Dünya İrsi Siyahısında milli sərvətimiz olan Qobustan qoruğunun da öz yeri var və Azərbaycana səfər edəcək 3 min nəfərdən ibarət nümayəndə heyətlərinin də Qobustan qoruğuna səfəri nəzərdə tutulub”.

Ə.Qarayev qeyd edib ki, 10 gün davam edəcək tədbir zamanı Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq.