Bakıda 20 ölkədən 70-dən çox iştirakçı qalibiyyət uğrunda mübarizə aparacaq
22.5.2019

Mayın 24-də “Elektra Events Hall”da Gənclər və İdman Nazirliyi tərəfindən, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Qızıl Qala” Prodakşının birgə təşkilatçılığı ilə “Həmişə gənc ol!!!” şüarı altında “YOUTHVİSİON” Beynəlxalq Mahnı Müsabiqəsi baş tutacaq.

Nazirlikdən "Report"a verilən məlumata görə, 2016-cı ildən keçirilən “YOUTHVİSİON” Beynəlxalq Mahnı Müsabiqəsinin bu ilki iştirakçıları Azərbaycan da daxil olmaqla, 20 ölkədən Almaniya, Qırğızıstan, Belarusiya, Cexiya, Gürcüstan, İtaliya, İran, Macarıstan, Özbəkistan, Portugaliya, Qazaxstan, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Uqanda, Ukrayna, Moldova, Litva, Montenegrodan olan 70-dən artıq nümayəndədir.

Müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Azərbaycanı müsabiqədə “Tələbə-baharı” tələbələrin yaradıcılıq müsabiqəsinin pop nominasiyasının qalibi Nadir Rüstəmli (Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi) təmsil edir.

Müsabiqənin keçirilməsi ilə bağlı youthvision.az internet saytı fəaliyyət göstərir və müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər həmin sayt vasitəsi ilə qeydiyyatdan keçərək, müvafiq sənədləri doldurub, ifa edəcək mahnıları təşkilat komitəsinə təqdim ediblər. Təşkilat Komitəsi tərəfindən seçilmiş ən yaxşı ifaçılara müvafiq dəvət məktubu göndərilərək, müsabiqədə iştirak haqqında məlumat verilib. Müsabiqədə iştirak, hər bir ölkənin daxili qaydalarına əsasən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən edilir.

Yarışda hər ölkəni bir iştirakçı (kollektiv) və bir münsif üzvü təmsil edə bilər.

Səfər müddətində qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, ötən il Uqanda təmsilçisi birinci, Moldova ikinci, Belarus təmsilçisi isə üçüncü yeri qazanıblar.

Məlumat üçün bildirək ki, Uqandanın keçən ilki qalibi Ariho Esthery bu il müsabiqədə qonaq qismində iştirak edəcək və qalib mahnısı ilə açılış edəcək.

Müsabiqədə hər ölkəni öz münsifi təmsil edir. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir.

I-yer 3000

II-yer 2000

III yer 1000.