Azərbaycanın regionlarında kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə hökumətin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə həyata keçirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti, sayca 26-cı və 27-ci yem emalı müəssisələri ötən gün Balakən və Zaqatala rayonlarında istifadəyə verilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Balakənin Qazma və Zaqatalanın Qazangül kəndlərində yem emalı müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı Agentliyin təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə qurumun, USAID-in, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Zaqatala rayonunun Qazangül kəndində keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə, USAID-in nümayəndəsi Riçard Bayes, Qazangül icmasının nümayəndəsi Akif Həsənov çıxışlarında ölkə regionlarında özəl bölmənin, xüsusilə də aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən bəhs edib, yem emalı müəssisələrinin bölgələrdə bitkiçilik və heyvandarlığın inkişafında, yemə olan tələbatın ödənilməsində, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıblar.
Yem emalı müəssisələrində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb. Bu gün isə Qax rayonunun Tasmalı kəndində yem emalı müəssisəsi yerli sakinlərin istifadəsinə veriləcək.