Bakı Mühəndislik Universitetinin tələbələri mükafatlandırılıb
4.6.2019

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 20 illik yubileyi münasibətilə tələbələr arasında keçirilmiş “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsinin qalibi Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “Stockholmers” komandası olub.

11 universitetdən 63 komandanın iştirak etdiyi müsabiqədə BMU–nun komandasının təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda, yarışın sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və komanda birinci yerə layiq görülüb.

BMU-nun rektoru, professor Havar Məmmədov qalib komandanın üzvləri ilə görüşüb. Tələbələri təbrik edib rektor ölkəmizdə gənclərə yaradılan şəraitdən, həmçinin təhsilin insan həyatındakı rolundan danışıb. Tələbələrin uğurlarını yüksək qiymətləndirən professor H.Məmmədov onları fəxri fərmanla təltif edib.

Tələbələr müsabiqənin mahiyyəti və iştirakları barədə rektora ətraflı məlumat veriblər. Bildiriblər ki, “Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsidir. Yarışmada qalib olmalarının əsas səbəbi tələbə müvafiq xüsusiyyətlərə uyğun səhmin seçilməsi, həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi və təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim etmə bacarıqları olub.



azertag.az