Moskva şəhərində, məşhur Qızıl meydanda 5-ci kitab festivalı keçirilib. 6 gün, 74 saat, 327 nəşriyyat, 1560 metr uzunluğunda kitab rəfləri, 100 000 kitab satışı, 12 meydança, 12 səyyar muzey, 748 hadisə, 134 sevimli müəlliflə görüş – bütün bunlar festivalın çox nəhəng əhatə dairəsindən xəbər verirdi.
Festivalda Azərbaycan yazıçısı Varis Yolçiyevin Moskvada “Qızıl LiFFt” seriyasından nəşr edilən “Metamorfoz. Bir gecənin əhvalatı” kitabı da oxuculara təqdim olunub. 15-ci pavilyonda təşkil edilən təqdimatda yazıçımız romanından, yaradıcılığından danışıb, oxucuların suallarını cavablandırıb. Sonra oxucular satışdan əldə etdikləri kitabları yazarımıza imzaladıblar.
Xatırladaq ki, Varisə 2018-ci ildə Avrasiya materikinin ədəbiyyatı üzrə LiFFt festivallar festivalında qalibiyyət gətirən, 2019-cu ildə London Mükafatı qısa siyahısına namizəd olan "Metamorfoz” romanı indiyədək Azərbaycandan savayı Rusiya və ABŞ-da nəşriyyat hesabına çap olunub. Hazırda roman Böyük Britaniyada nəşrə hazırlanır.
azertag.az