Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopol şəhərində keçirilən “Soleil” 9-cu Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.
Tədbirdə Sozopol şəhərinin meri Katya Stoyanova, Bolqarıstan Mədəniyyət nazirinin müavini Rumen Dimitrov, Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, KİV nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Festival çərçivəsində “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” adlı fotosərgi açılıb, “Şəhər motivləri” bədii filmi nümayiş olunub və qonaqlara Azərbaycanın ənənəvi çay süfrəsi təqdim edilib. Festival çərçivəsində reallaşan plenerdə iki azərbaycanlı rəssam – Cəlal Ağayev və Elçin Hüseynli iştirak edib. Onların çəkdikləri əsərlər plener çərçivəsində təşkil edilmiş sərgidə nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova fotosərginin zəngin xristianlıq irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini təqdim etdiyini söyləyib. Səfir müasir Azərbaycan ərazisində e.ə. 4-cü əsrdən eramızın 8-ci əsrinədək mövcud olmuş Qafqaz Albaniyası dövlətində 1-ci əsrdən etibarən xristianlığın yayılmağa başladığını deyib. Bu prosesin Şəki şəhəri yaxınlığında Kiş kəndinə gələrək burada indiyədək fəaliyyət göstərən “alban kilsəsinin anası” hesab olunan ilk məbədin əsasını qoyan apostol Yeliseyin adı ilə bağlı olduğunu qeyd edən N.Qurbanova xristianlığın alban çarı Urnayr tərəfindən dövlət dininə çevrildiyini vurğulayıb, bundan sonra ölkə ərazisində kilsə və monastırların tikilməyə başladığını bildirib. Qeyd olunub ki, bu kilsənin nümayəndələri bu gün də öz dinlərinə sərbəst şəkildə etiqad etməyə davam edirlər.
Şərqlə Qərbin qovşağında özünəməxsus məkanda yerləşən Azərbaycanda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların bir araya gəldiyini söyləyən diplomat ölkəmizdə müxtəlif vaxtlarda İslam, xristianlıq, iudaizm və digər dinlərin və etiqadların yayıldığını və qarşılıqlı əlaqədə olduğunu diqqətə çatdırıb.
Daha sonra Azərbaycanda çay mərasimləri barədə məlumat verən səfir çayın Azərbaycanda ən məşhur içki növü olduğunu, bunun dostluq və mehribanlıqla assosiasiya edildiyini qeyd edib. Məşhur “çay nədir, say nədir” deyimini xatırlayan səfir qış aylarında çayın isinmək, yayda isə sərinləmək üçün içildiyini bildirib. O davam edib ki, çay hər bir azərbaycanlı üçün sosial və mədəni həyatın bir hissəsidir, çay müxtəlif mürəbbə, o cümlədən ağ gilas, şaftalı, ərik, qoz və digər şirniyyatlarla təqdim olunur. Ölkəmizdə çay mərasiminin özünəməxsus qaydalarının olduğunu vurğulayan diplomat çayın xüsusi armudu stəkanlarda süfrəyə verildiyi barədə danışıb, armudu stəkanın fəlsəfəsindən söz açıb.
Samovarda hazırlanan çayın xüsusi dada malik olmasını qeyd edən səfir azərbaycanlı arxeoloq Tufan Axundovun qazıntılar zamanı aşkar etdiyi gildən olan samovarın dünyada tapılmış ən qədim samovar olduğunu söyləyib. Bildirib ki, Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhərində tapılan bu nümunənin 3.6 min yaşı var. Azərbaycanda çayın çoxlu növünün olduğunu bildirən səfir 2015-ci ildən etibarən Bakıda beynəlxalq çay festivalının təşkil edildiyini diqqətə çatdırıb.
Festival çərçivəsində nümayiş olunan “Şəhər motivləri” filmi barədə bəhs edən N.Qurbanova filmin 5 qısametrajlı filmdən ibarət olduğunu söyləyib.
Gecədə çıxış edən şəhər meri K.Stoyanova və Mədəniyyət nazirinin müavini R.Dimitrov festivalın əhəmiyyətindən bəhs edərək festival ilə Sozopolda yay turizm mövsümünün başladığına diqqət çəkib, eyni zamanda Azərbaycanın ötən il olduğu kimi, bu il də festivalda iştirakını yüksək qiymətləndiriblər.
Tədbirin rəsmi açılışı Bolqarıstanın məşhur müğənnisi Yordanka Xristovanın konserti ilə baş tutub. Konsertdə müğənninin Azərbaycan və bolqar dillərində ifa etdiyi “Ey həyat, sən nə qəribəsən” mahnısı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Gecədə həmçinin Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyası və Bolqarıstanın aparıcı özəl kanallarından olan “Kanal 3”ə müsahibə verib. Səfir müsahibəsində sərgi barədə ətraflı məlumat verib, ənənəvi Azərbaycan çay süfrələri barədə danışıb.
Qeyd edək ki, səfirlik Sozopol şəhərinin ictimai və mədəni həyatında böyük mədəni hadisə hesab olunan bu festivalda ötən il də iştirak edib.
azertag.az