Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti buraxılışı məşhur Şirvan xanəndəsi Mirzə Məhəmmədhəsənə həsr ediləcək.
Mərkəzdən bildirilib ki, iyunun 17-də keçiriləcək tədbirdə xanəndənin həyat və yaradıcılığından söhbət açılacaq, tanınmış xanəndələrin ifaları təqdim ediləcək.
Mirzə Məhəmmədhəsən 35 il xanəndəlik edərək, hər yerdə Azərbaycan musiqisinin qızğın bir təbliğatçısı kimi çıxış edib. O bütün klassik xanəndələrimiz kimi muğamları ustalıqla ifa edib, Zaqafqaziyanın bir çox yerlərində öz sənəti ilə tanınıb. Böyük məharətlə oxuduğu “Şüştər”, “Humayun”, “Rast”, xüsusilə “Mənsuriyyə” muğamlarına öz möhürünü vurub. Seyid Şuşinski xanəndə haqqında deyib: “Mən Mirzəni görəndə onun gözləri artıq tutulmuşdu. İlk dəfə Şamaxıda bir toyda tanış olduq. Mənim bu toyda oxuyacağımı bilib gəlmişdi. Dedi ağa bu toya gəlibsə mən də toyda iştirak edəcəm. Gəldi, çox gözəl oxudu, bu yaşımacan mən hələ belə gözəl oxuyan görməmişdim. Mən Mirzədən çox şeylər öyrənmişəm. Mirzəni gördüyüm xanəndələrin, musiqişünasların heç birinə bənzər tuta bilmərəm. O, ən birinci xanəndə və gözəl təbə malik şair idi. Seyid Əzim Şirvani böyük xanəndə ilə dostluq edirdi.
Şamaxı torpağının yetirməsi olan məşhur xanəndə həm də “Nalə” adlı şeirlər kitabının, “Sarıtorpaq şikəstəsi”nin və bir çox təsniflərin müəllifidir. Xanəndə 1917-ci ildə vəfat edib”.
Qeyd edək ki, BMM muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşır. "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olunub.
azertag.az