İyunun 23-25-də “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.
Mədəniyyət Nazirliyindən bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılıqlarını inkişaf etdirmələrində bu kollektivlərin əhəmiyyətli rolu vardır.
Xatırladaq ki, bu ilin aprel ayı ərzində Bakı şəhəri və respublikanın bölgələrində festivalın seçim mərhələsi keçirilib. Həmin mərhələdə uğurla çıxış etmiş İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları final mərhələsinə dəvət edilib. Final mərhələsi üçün nazirliyin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək.
Festival çərçivəsində iyunun 25-də Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlə birgə I Respublika Xalq Teatrları Konfransı təşkil ediləcək. Festivalda nazirliyin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələrinin nümayəndələri, peşəkar teatrların rəhbərləri, xalq teatrları kollektivlərinin rejissor və bədii rəhbərləri, aktyorları, habelə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcəklər.
azertag.az