Nur-Sultanda müasir dövrün tanınmış heykəltəraşı Vaqif Rəhmanovun və Narqis Dresslerin əsərlərindən ibarət sərgi açılıb.
Vaqif Rəhmanov və Narqis Dressler müasir incəsənətin müxtəlif istiqamətlərinin vəhdət təşkil etdiyi yeni birgə sərgi təqdim ediblər. Bu, bir növ “əksliklərin vəhdəti və mübarizəsi” fəlsəfi postulatının təqdimatıdır. Əgər Narqisin əsərlərində hər bir detal dəqiq simmetriyaya və elementlərə tabedirsə, Vaqifin əsərlərinin plastikası, əksinə, simmetriyanı rədd edir, onu təbiət və fantaziya formalarının təbiiliyinə və özünəməxsus üçölçülü həcmlər dilinə tabe etdirir.
Vaqifin əsərləri müəllif texnikasında yerinə yetirilib. Burada tunc, şüşə, daş sanki bir-birini tamamlayaraq bütöv bir kompozisiya hissi yaradır. Hər bir əsərin ideyası bənzərsizdir və bu zaman cansız heykəltəraşlıq əsərləri birmənalı şəkildə canlı təsiri bağışlayır.
Vaqif Rəhmanovun hər bir əsəri sanki şüşədə, daşda və tuncda donub qalmış musiqidir. Müəllif öz heykəllərində analıq, qadınlıq mövzularını, təkcə insanlara deyil, heyvanlara sevgi hisslərini aydın göstərir.
Narqis yaradıcılığının təməlində Şərq tətbiqi sənətinin klassik simvolları vasitəsilə tarixi dəyərlərin şərhi dayanır.
Rəssamların yaradıcılığında bədii dillərin harmonik qatışığı yaranır. Bu zaman onların hər biri plastik özünüifadə dilini qoruyub saxlayır. Hər bir müəllifin yaradıcılıq məkanı sərgi konsepsiyasının yüksək estetik səviyyəsini yaradır ki, bu da işlənmiş süjetlərin dərinliyini qabardır.
Vaqif Rəhmanov 1940-cı ildə Azərbaycanda anadan olub. 1970-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirəndən sonra Qazaxıstana köçüb. Onun parlaq yaradıcılıq yolu məhz burada başlayıb. O, özünəməxsus bənzərsiz üslubu olan heykəltəraş kimi bütün dünyada məşhurlaşıb. Dünyanın müxtəlif ölkələrində onun sərgiləri təşkil olunur. Lakin vaxtilə yaşadığı və işlədiyi Kanadada sərgiləri daha çox təşkil olunur.
azertag.az