İyunun 19-da Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.
Nazirlikdən bildirilib ki, iclası Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, gündəliyə ölkəmizdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlər, Nazirlər Kabinetinin 27 may 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən, daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında və Azərbaycan Respublikası dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər daxil edilib.
Sonra gündəlikdə duran birinci məsələ - Azərbaycan Respublikasında yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlərlə bağlı Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadənin məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, sözügedən məsələ ilk dəfədir müzakirə olunur. Çünki bu istiqamətdə təkcə nazirliyin strukturunda olan idarələr deyil, sahənin bütün iştirakçıları dövlət və özəl tərəfdaşlar mədəniyyət biznesi və mədəniyyət sənayesinin formalaşmasında iştirak edir. Bu sahə müasir dövrün əsas trendlərindən biridir: “Uzun müddət biz öz fəaliyyətimizdə işin təkmilləşməsinə yönəldilmiş addımlar atmışıq. Bu gün dünyada mədəni sənaye sahəsində iş yerlərinin açılması digər sahələrdən daha çoxdur. Çünki bu sahə az sərmayə tələb edir və əhalinin bütün təbəqələrinə təsir göstərmək imkanına malikdir. Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq əlaqələr və innovasiyalar sektoru xarici ekspertlərin iştirakı ilə mədəni sənayelərin təhlilini aparıb. Təhlil hesabatı dövründə mədəniyyət sahəsində indikatorların çatışmazlığı problemləri ilə rastlaşdıq. Bu, o deməkdir ki, mədəniyyət sahəsində bütün struktur, fərd və təşkilatların statistikası toplanmır. Bununla bağlı artıq bir neçə əlaqədar qurumlarla danışıqlar aparılıb. Mədəniyyət biznesinin dövlətin ümumi daxili məhsulunda rolu sənədlərlə öz əksini tapmalıdır. Bu işin həlli istiqamətində Vergilər Nazirliyi ilə müvafiq iş aparılır”.
Şöbə müdiri diqqətə çatdırıb ki, mədəniyyət sahəsində sənayeləşmə və biznes barədə əhali arasında maarifləndirmə aparılmalı və bu proseslər insanlara açıq şəkildə izah edilməlidir.
Vasif Eyvazzadənin məruzəsindən sonra nazir müavini Rafiq Bayramov bu məsələ ilə bağlı fikirlərini bölüşüb.
Gündəlikdə duran ikinci məsələ - Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova məruzə edib.
Azadə Hüseynova şöbə tərəfindən muzey əşyalarının mühafizə portalının yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, hazırda aparıcı muzey və xatirə muzeyləri, tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunan eksponatlar haqqında məlumatlar həmin portala daxil edilir. Portalın yenilənmiş istifadə qaydalarının izah edilməsi məqsədilə rayonlarda fəaliyyət göstərən muzeylər üçün üç mərhələdən ibarət regional idarələr tərəfindən treninqlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə ilk treninq Qəbələ şəhərində keçiriləcək. Bundan əlavə, mədəni sərvətlərin ekspertizası, tarixi, bədii-elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə və icazə sənədlərinin verilməsi sahəsində elektron xidmətlərin göstəriləcəyi veb-saytın hazırlanması istiqamətində də işlər yekunlaşmaq üzrədir. Bu sayt vasitəsilə proses daha da operativ və sadə şəkildə aparılacaq.
Daha sonra şöbə müdiri daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında məlumat verərək diqqətə çatdırıb ki, mədəni sərvətlərin inteqrativ ümumi veb-saytının hazırlanmasına zərurət var. Bununla da digər qurumlarla mədəni sərvətlərin qorunması istiqamətində əməkdaşlığın səmərəliliyini artıra bilərik.
Azərbaycan Respublikası dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər haqqında nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın çoxəsrlik mədəni və zəngin irsi dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən mədəni irsin qorunması ilə bağlı bir sıra sərəncamlar imzalanıb.
Xidmət rəisi tarixi abidələrin qorunması, inventarlaşması, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması sahəsində bir sıra işlərin görüldüyünü deyib. Qeyd edib ki, son iki ildə Bakı şəhərində Milli İncəsənət Muzeyinin binası, Şəki şəhərində tarixi abidə, Bərdə şəhərində türbə və Sınıq körpüdə bərpa konservasiya işləri aparılıb. Dövlət başçısının Sərəncamına əsasən Şabran rayonundakı Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb.
Zakir Sultanov diqqətə çatdırıb ki, 72 abidənin pasportlaşdırılması üzrə 110 layihənin hazırlanması planlaşdırılıb. Bunlardan 15-i işğal olunmuş ərazilərimizdəki abidələrdir. Xidmət rəisi arxeoloji irslə bağlı görülən işlər barədə də məlumat verib.
Kollegiya iclasına yekun vuran nazir Əbülfəs Qarayev tarixi abidələrin bərpası ilə yanaşı, onların təbliğinin də vacib olduğunu vurğulayıb. Nazir bu abidələrin istismara verilməsini mədəni sənayeləşmənin əsası kimi dəyərləndirib.
Sonda nazir müzakirə olunan məsələlər və qeyd olunan problemlərlə bağlı müvafiq tapşırıqlarını verib.
azertag.az