Tanınmış azərbaycanlı rəssam Elvin Nəbizadənin müəllifi olduğu “Şans” adlı instalyasiya Avstriyanın Baden şəhərində sərgilənib.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Avstriyaya gətirilən əsər Vyananın mərkəzində yerləşən “Museumsquartier” muzeylər mərkəzində nümayiş edildikdən sonra Baden şəhər rəhbərliyi ilə razılaşma əsasında bu şəhərdə təqdim olunub.
Baden şəhər İncəsənət Evinin önündə quraşdırılan instalyasiyanı şəhər sakinləri bir neçə həftə seyr edə biləcəklər.
Qeyd edək ki, Elvin Nəbizadə instalyasiyanın Vyanada təqdimatı zamanı rəngli kubların onun marağını hələ uşaq yaşlarından cəlb etdiyini bildirib. 1974-cü ildə macar heykəltəraş və memar Ernö Rubikin icad etdiyi rəngli kublar (möcüzəli kub və ya Rubik kubu) həm qoruyucu örtük rolunu oynayır, həm də məcazi məna daşıyır. Belə ki, hələ uşaqkən kubik-rubikin içərisində hansı sehrin, hansı mexanizm və möcüzənin gizləndiyini dərk etməyə çalışan rəssam onun zahiri, mexanizmi və daxilinin fərqli olduğunu qeyd edib. Məhz bu instalyasiyanın zahiri görünüşü başqa təsir bağışlasa da, onun içərisinə daxil olan seyrçi burada Azərbaycan mədəniyyət və incəsənətinə məxsus nümunələrə (milli musiqi aləti, şəbəkə və s.) rast gəlir. Azərbaycanı tanımayan insanlar da eyni mənzərəni yaşayırlar. Azərbaycan haqda fərqli fikirdə olub, fərqli düşüncə ilə bu ölkəyə səfər edənlər bu ölkəni özləri üçün kəşf etdikdən sonra tamamilə başqa düşüncəyə sahib olurlar. Bu instalyasiya seyrçiyə Azərbaycanla yaxından tanış olmaq üçün şərait yaradır, bu tanışlıq üçün ona bir şans verir.
“Şans”ın yaxın gələcəkdə Avstriyanın müxtəlif regionlarında da nümayiş etdirilməsi nəzərdə tutulur.
azertag.az