Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovun “Dil təhlükəsizliyi milli təhlükəsizlik kontekstində” məqaləsi Bolqarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun nəşri olan “Revue Bulgare d'Histoire” jurnalında dərc edilib.
Əlyazmalar İnstitutundan bildiriblər ki, Cavid Cəfərov məqaləsində Azərbaycan dilinin son əsrdəki inkişaf tarixinə qısa nəzər salır, dil təhlükəsizliyi məsələsini milli təhlükəsizlik, informasiya təhlükəsizliyi və dil siyasəti kontekstində tədqiq edir, dövlət tərəfindən dilimizin qorunması və inkişafı ilə bağlı görülən işlərin, o cümlədən Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamının əhəmiyyətindən bəhs edir.
Məqalədə, həmçinin qloballaşma dövrünün təhlükəsizlik paradiqmasının linqvistik tərkibinə nəzər salınır, Azərbaycanla yanaşı, bir sıra ölkələrin nümunəsində dilin müxtəlif növ təhdidlərin obyekti kimi səciyyəvi xüsusiyyətləri araşdırılır, milli proqram təminatı məhsullarının linqvistik təminat məsələlərinin elmi-nəzəri problemlərindən bəhs edilir.
Qeyd edək ki, “Revue Bulgare d'Histoire” “Web of Science” (Clarivate Analytics) elmi indeksləndirmə sisteminin “Arts and Humanities Citation Index” altsisteminə daxil edilən nüfuzlu beynəlxalq elmi jurnaldır.
azertag.az