İyunun 29-dan iyulun 3-dək Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
İyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında təşkil edilmiş mətbuat konfransında festivalın bədii rəhbəri, ittifaqın sədri, Xalq artisti, UNESKO-nun Sülh artisti, professor Firəngiz Əlizadə festivala hazırlıqla bağlı geniş məlumat verib.
Bildirib ki, Mədəniyyət Nazirliyinin və habelə Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda çoxsaylı qonaqların iştirakı gözlənilir. Festivalda Azərbaycanı və digər ölkələri təmsil edən istedadlı musiqiçilər çıxış edəcəklər.
“Bu il artıq Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı öz 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daim valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək. Azərbaycan Bəstəkarlar İttifaqı bu il ikiqat yubiley sevinci yaşayır. Bəstəkarlarımız və musiqişünaslarımız böyük ruh yüksəkliyi ilə təşkilatımızın yaranmasının 85 illiyinə hazırlaşırlar”, - deyə Firəngiz Əlizadə vurğulayıb.
Qeyd edilib ki, 2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib. Bununla əlaqədar olaraq festival günlərində “Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq və Şəki Musiqi Kollecində “Nəsimi mövzusunun Azərbaycan bəstəkarlarının əsərlərində təcəssümü”nə həsr edilmiş dəyirmi masa keçiriləcək.
Ötən illər ərzində festivalın əks-sədasının müxtəlif ölkələrə yayılaraq ildən–ilə daha çox pərəstişkarları cəlb etdiyini bildirən F.Əlizadə deyib ki, bu musiqi bayramının coğrafiyası xeyli genişlənib: “Həmişə olduğu kimi yenə də qardaş Türkiyənin və TÜRKSOY-a daxil olan ölkələrin musiqi kollektivləri qonağımız olacaq. Bu dəfə Qazaxıstanın estrada-simfonik orkestri maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcək. Rusiyadan və Macarıstandan dəvət olunmuş kollektivlər festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər”.
Xalq artisti məlumat verib ki, ilk festivalda olduğu kimi ənənəvi olaraq 10-cu yubiley proqramı da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının məşhur Yuxarı Karvansaray tarixi memarlıq abidəsi fonunda tamaşası ilə bağlayacaq. Azərbaycan musiqisi - muğam operasından tutmuş kamera-instrumental əsərlərədək ən müxtəlif janrlarda təmsil olunacaq.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın yüksək səviyyədə keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Macarıstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Mixalu Qruber, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin və Xalq rəssamı Arif Hüseynov “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının ən yüksək səviyyədə keçəcəyinə əminliklərini ifadə ediblər.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu gün, həmçinin Bəstəkarlar İttifaqında “Nəsimiyə ithaf” layihəsi üzrə Nəsiminin qəzəllərinə yazılmış musiqi əsərlərindən ibarət konsert və Xalq rəssamı Arif Hüseynov rəsm əsərlərinin sərgisi də təşkil ediləcək.
azertag.az