Qırğızıstan Respublikasında Almaniyanın Konrad Adenauer Fondu və Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən “Mərkəzi Asiya tarixinin aktual problemləri: nəzəriyyə və tədqiqatların metodologiyası” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib.
Konfransın əsas məqsədi Mərkəzi Asiya tarixşünaslığının gələcək inkişafında yeni nəzəri-metodoloji yanaşmaların və bu sahədə bölgə ölkələri alimlərinin əməkdaşlığı və elmi dialoqunun gücləndirilməsi yollarının müzakirəsindən ibarət olub. Mövzunun aktuallığı son onilliklərdə yerli alimlər tərəfindən Mərkəzi Asiya tarixinin bütün mürəkkəbliyi və əlvanlığı ilə bir bütöv olaraq deyil, daha çox öz ölkələrinin perspektivindən öyrənilməsinə üstünlük verilməsi ilə izah olunur. Konfransda qədim zamanlardan yeni dövrə qədər bölgə tarixinin müxtəlif nəzəri aspektləri, bu sahədə dünya tarixşünaslığında mövcud olan müasir metodoloji prinsip və üsullar və onların bölgə ölkələri tarixşünaslığında tətbiq edilmə imkanları ilə bağlı bir sıra maraqlı məruzələr dinlənilib.
Beynəlxalq elmi tədbirin işində Almaniya, Özbəkistan, Qazaxstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər. Azərbaycanı bu beynəlxalq tədbirdə AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. O, konfransda “Postmarksist sindrom: müasir türkoloji tarixşünaslığın metodoloji problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə sovet və müstəqillik dövründə türk respublikalarının tarixinin öyrənilməsində istifadə edilən metodoloji yanaşmaların ümumi və fərqli cəhətləri təhlil olunub, bu sahədə müasir dünya elminin təcrübəsinin əhəmiyyətindən bəhs edilib. Akademik Ş.Mustafayevin çıxışı konfrans iştirakçılarının böyük marağına və canlı diskussiyalara səbəb olub.
azertag.az