Sentyabrda Hindistan Sənaye Konfederasiyasının nümayəndə heyəti Azərbaycana gələcək
2.7.2019

Cari ilin sentyabrında Hindistan Sənaye Konfederasiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bu barədə Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna iyulun 1-də Bakıda keçirilən Azərbaycan-Hindistan işgüzar görüşündə deyib. Səfir ölkəsinin biznes cəmiyyətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, Hindistan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edir: "Hindistanın Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı mövcuddur. Hər iki ölkə iqtisadiyyata investisiya qoyuluşu imkanlarını araşdırır".

Bu yaxınlarda Bakıdan Dehliyə birbaşa aviareysin açıldığını xatırladan səfir qeyd edib ki, bundan sonra ölkələrimiz arasında səfərlər əhəmiyyətli dərəcədə artacaq.

Səfir, eyni zamanda, sentyabrda Hindistan Sənaye Konfederasiyası nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini deyib. Bildirib ki, ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanla Hindistan arasında tarixi və mədəni əlaqələrə əsaslanan dostluq münasibətlərinin mövcud olduğunu deyib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayan nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan Hindistanla kənd təsərrüfatı, İKT, əczaçılıq sahələrində əlaqələrin genişləndirilməsinə böyük önəm verir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev isə bu cür tədbirlərin keçirilməsinin Azərbaycan və Hindistan iş adamları arasında əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayacağını deyib.

Sonra Hindistanın və Azərbaycanın investisiya imkanlarına, biznes mühitinə dair təqdimatlar olub.


azertag.az