9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
3.7.2019

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb edilən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və parolundan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq edə bilərlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

İxtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq.

“Abituriyent” jurnalının 3 nömrəli buraxılışında ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Abituriyentlər jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi,1M və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş edə bilərlər.

Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Məlum olduğu kimi, hər il “Abituriyent” jurnalının xüsusi buraxılışında kolleclərin ixtisaslarına tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilirdi. Lakin bu il qəbul imtahanı qaydaları və qiymətləndirmə şkalası (300 bal) əvvəlki illərdən fərqli olduğu üçün ayrıca keçid balları jurnalının dərc olunması nəzərdə tutulmur. Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, ötən illərdə formalaşmış keçid ballarına istinad etməməlidirlər. Abituriyentlərin bilikləri ötən il 200 ballıq, bu il isə 300 ballıq şkala ilə qiymətləndirilir. Odur ki, hər hansı ixtisas üzrə ötənilki keçid balı bu il ixtisas seçimi zamanı istiqamət götürməkdə istiqamət rolunu oynamır və abituriyentlər bunu nəzərə almalıdırlar.

Xatırladaq ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin nəticələri əsasında formalaşır.



azertag.az