Bu yaxınlarda A.Şaiq adına Dövlət Kukla Teatrında mərhum dramaturq Rəhman Əlizadənin “Bizim Don Kixot” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olundu. Artıq dörd əsrdir ki, bəşəriyyət Migel de Servantesin Don Kixot obrazı haqqında düşünür. Don Kixot müdrikdir, ya ağılsız? Amerikalı yazıçı Folkner Don Kixotu “...əbədiyaşar, qəmli və komik obraz...”adlandırıb. Yazıçı fikrini davam etdirərək bu qəmli obrazı belə xarakterizə edib: “Don Kixot köməyə ehtiyacı olmayan insanlara yardım etməyə çalışaraq, özünü gülünc vəziyyətə salır. Yardımsevərlik insan qəlbinin ən gözəl xüsusiyyətidir.” Mən Don Kixot obrazını “ağıllı dəli” hesab etmişəm və həmişə bu əsər əlimə keçəndə vərəqləyib, xoşuma gələn, az qala əzbər bildiyim hissələri sevə-sevə oxumuşam. Mən R.Əlizadənin “Don Kixot”un ilk versiyası ilə tanış idim. Rəhman Əlizadə bu əsəri İlham Namiq Kamalın “İlham” miniatür teatrı üçün yazmışdı. Əsər bu teatrda İlham Namiq Kamalın ifasında oynanmış və uğur qazanmışdı. İndi isə, mən bu əsərin tam yenidən Kukla teatrı üçün işlənmiş versiyasına baxacaqdım. Tamaşadan aldığım təəssüratları oxucularla bölüşmək istəyirəm.
Beləliklə, Rəhman Əlizadənin “Bizim Don Kixot” tamaşasının quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, rəssamı İqbal Əliyev, baş rolun ifaçısı, Xalq artisti “Şöhrət” ordenli, bu yaxınlarda 70 illik yubileyini qeyd etdiyimiz, sevimli aktyorumuz İlham Namiq Kamaldır. O, Kukla tamaşasında yeganə canlı aktyordur. Bu tamaşanı bir aktyorun teatrı da adlandırmaq olar. Digər personajlar Sanço Panso, Dulsineya, Hamlet, onun atası və sair obrazlar kuklalardır. Kukla obrazlarını aktyorlar Cavid İbrahimov, Aygül Anayeva, Araz Həsənov və Adil Dəmirov canlandırırlar. “Bizim Don Kixot” kukla tamaşasında tamaşaçını ilk cəlb edən rəngarəng tərtibat, kostyumlar və əlbət ki, baxımlı kuklalardır. Burada forma və rənglər mütənasibliyi dəqiq tapılmalı, baxımlılıq və cəlbedicilik vacib olmalıdır. Xırda bir cizgi, adi kimi görünən rəng qarışığı belə yüksək peşəkarlıqdan xəbər verməlidir. “Bizim Don Kixot” tamaşasında quruluşçu rejissorun maraqlı yozumunda rəssam İqbal Əliyev ecazkar rənglər dünyası yaradaraq, tamaşaçını nağıl və əfsanələr dünyasına aparır. Bəstəkar Vüqar Camalzadənin sanki rənglər dünyasının davamı olaraq, mövzuya uyğun musiqisi canlı aktyorun və kuklaların baxımlı ifalarını təqdim edir. Rəngin və musiqinin davamı olaraq, Qurban Məsimovun rejissor yozumu canlı aktyor və kuklaların plastikasında öz ifadəsini tapır. Qeyd etdiyim kimi, Əhmədağa - Don Kixot obrazını Xalq artisti İlham Namiq Kamal yaradır. Onun bir neçə teatr səhnəsində yaratdığı obrazlara daha bir obraz əlavə olunur. Don Kixot kimdir? Əsərə müraciət edək. İspan yazıçısı Migel de Servantesin “Ağıllı zadəgan Don Kixot” əsərinin baş qəhrəmanı zadəgan Alonso Kixano İspaniyanın kiçik bir şəhərində yaşayır. Çox oxuduğu cəngavər romanlarından ilhamlanaraq özünü cəngavər hesab edir və bununla da onun həyatı kökündən dəyişir. Onun qəhrəmanlıq cəhdini və sevdasını ətrafı qəbul etmir. O, ədalətsizliyi aradan qaldırmağa çalışır, əvəzində onun özünü daş-qalaq edirlər. Hər addımbaşı haqsızlıq görür, bunu ona norma kimi qəbul etdirməyə çalışırlar və sair. “Bizim Don Kixot” da, adi həyatını yaşayan Əhmədağa da yaşadığı kənddə haqsızlıqlarla üzləşir. Bu haqda danışanda onu ağılsız hesab edirlər. Əhmədağa-Don Kixot gözəl Dulsineyasını vəsf etməkdən doymur:
Camalın bənzəyir aya
Dulsineya,Dulsineya!
Dulsineya üçün darıxan Don Kixot, həm də Əhmədağa ətrafını bürümüş haqsızlıqlara dözmür və etiraz edir. Onun etirazı qəbul olunmur və o, zindana, əslində isə, zirzəmiyə salınır. Bura elə-belə zirzəmi deyil. Bura tarixin daş yaddaşını özündə qoruyub saxlayan zirzəmidir. Burada tiranların heykəl və rəsmləri, onların kitabları ilə qarşılaşan Don Kixot, Əhmədağa Leninin, Stalinin heykəli, Hiterin rəsmi, Beriyanın kitabları ilə birtərəfli qaydada dialoqa girir, onları dünyanı lərzəyə saldıqları üçün qınayır. Napaleonu, Mussolinini törətdikləri haqsızlıqlara görə, sanki haqq divanına çəkir. Tiranlarla loru dildə, daha dəqiq desək, xalq dilində danışır. Don Kixot qorxur ki, bir zaman dünyaya qan udduranlar dirilib yenidən tiranlıq eşqinə düşərlər. Hamımız yaxşı bilirik ki, artıq bəzi ölkələrdə insanlar və xüsusən gənclər arasında Stalinə, Hitlerə, Mussoliniyə və digərlərinə rəğbət yaranmağa başlayır. Məsələnin ciddiliyi göz önündədir. Bu artıq tamaşanın günümüzə ünvanlanmış mesajıdır. Bu mesaj isə artıq milli zəmində yox, beynəlxalq zəmində qəbul olunmalıdır. Zaman durmadan dəyişir, inkişaf edir. Tarix yaddaşlara köçür. Don Kixot cəmiyyəti narahat edən ən müxtəlif mövzulara toxunur, haqsızlıq, dələduzluq, insanlığa yaraşmayan hərəkətlər onu qane etmir. İlham Namiq Kamalın təqdim etdiyi Don Kixot tək millətinin yox, insanlığın dərdinə yanır. Aktyor kuklalarla canlı kimi davranır, hərəkət-mizan toplusu dəqiq ifalarla müşayiət olunur. Aktyor tamaşada mətnin davamı kimi on mahnı ifa edir. Mahnılar mətnin, mətn mahnının davamı kimi qəbul olunur. Aktyor kuklalarla canlı aktyorlarla olduğu kimi oynayır. Sanço Pansoya acıqlanır, Rosinant adlı atına qayğı göstərir, Dulsineyasını qucağına alır. Tamaşaçı aktyorun maraqlı oyun tərzi ilə kuklaları canlı kimi qəbul edir. Kukla aktyorlarının da peşəkar ifalarına görə tamaşa bütövlükdə maraqla qarşılanır. Teatr mütəxəssisi E.Kalmanovski yazırdı ki, cansız kuklanın nə fikri, nə qəlbi var. Kukla tamaşasında əsas olan süjet, xarici hərəkət və yüksək texnikadır. Deməli, kuklanın yox, kuklanı təqdim edən kuklaçının fikri və qəlbi olmalıdır ki, nümayiş edilən hisslər toplusunu tamaşaçıya çatdıra bilsin. Əsas olan budur. Cansız kukla əslində bütün insan hisslərini çatdırmağa qadirdir. Hər şey ancaq kuklaçının peşəkarlığı ilə ölçülməlidir. Kuklaçı peşəkardırsa, deməli tamaşada istənilən effekt alınacaq. İlham Namiq Kamalın Don Kixot-Əhmədağa obrazı səmimiyyəti, oyun tərzindəki dramatizmi, satirik -yumoristik rəng çalarları və plastikası ilə baxımlıdır, cəlbedicidir. Don Kixotun Dulsineyaya olan saf məhəbbəti, Sanço Pansoya sədaqəti, Gülnisəyə, Hamletə, Divlərə, arvadı Çimnaz xanıma olan fərqli münasibətləri mətnin rəssam təsviri olaraq tamaşaçının gözü qarşısında canlanır. Bəzən canlı aktyorla cansız kuklalar arasında sədd itir. Biz Dulsineyanı, Rosinantı, Hamleti ,onun atasını və digərlərini canlı kimi qəbul edirik. Əsas obrazın ifaçısı ilə bərabər, kukla aktyorları da maraqlı və baxımlı ifa nümayiş etdirirlər. Belə olmasaydı tamaşa baxımlılığını və cəlbediciliyini itirərdi. Biz qəmli cəngavərin həyat hekayəsini seyr edib, bilmirik Don Kixotun halına acıyaq, ya Əhmədağanın. Tamaşa bitir. Ancaq qulaqlarımıza Əhmədağanın qəmli fəryadı qalır:
“... Mən Əhmədağa deyiləm, Don Kixotam!
Qiyamkar bir ruhun ehtiyacından,
Doğuldu Don Kixot-qəmli cəngavər!
Dünyanı divlərin əsarətindən
Qurtarmaq istəyən cəsur cəngavər...”
Tamaşanın axırında tiranların heykəl və kitabları qorunan zirzəmidə yanğın olur. Zirzəmi tamam yanır. Qalan ,yanmayan bircə Don Kixotdur. Xoş hisslərlə Kukla teatrını tərk edirik. Düşünürük ki, nə yaxşı ki, bu dünyada “Əbədiyaşar” Don Kixot adlı bir cəngavər olub və nə yaxşı ki, yenə var. Yoxsa, dünyamız darıxdırıcı olardı.
Çingiz Ələsgərli
dramaturq, teatrşünas
azertag.az