Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində növbəti panel iclaslar təşkil edilib
5.7.2019

İyulun 5-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində növbəti panel iclaslar təşkil edilib.

İlk iclas Afrikada gənclər, innovasiya və davamlılıq mövzusuna həsr olunub. İclasda çıxış edən UNESKO-nun Baş direktorunun müavini Ernesto Ottone Ramirez Afrika qitəsində yüksək demoqrafik inkişafın müşahidə edildiyini, 600-dək mühafizə zonasının olduğunu bildirib, gənclərin qitənin gələcək inkişafında böyük rol oynayacaqlarını vurğulayıb.

Keniyadan və Kamerundan olan gənclər - Njeri Mbure və Benis Nchang qitədə gənclərin maariflənməsi, onların mədəni irsin qorunması sahəsində təcrübələrinin artırılması, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən proqramlar və layihələr barədə məlumat veriblər.

Çin Xalq Respublikası və Böyük Britaniya tərəfindən təşkil olunan növbəti panel iclasda Böyük Çin Səddi və Hadrian divarının mühafizəsi sahəsində təcrübə mübadiləsi aparılıb. Çıxışçılar hər iki mədəni irs nümunəsinin mühafizəsi və idarə edilməsi sahəsində öz ölkələri tərəfindən görülən işlər barədə danışıblar.

“Ümumdünya İrs Komitəsi və mədəniyyətlərin uzlaşması” mövzusunda panel iclasda dünya irsi vasitəsilə mədəniyyətlərin uzlaşmasında UNESKO-nun rolundan söhbət açılıb. Beynəlxalq Sarayevo Universitetinin professoru Amra Mostar Sarayevo şəhərində yerləşən “Stari Most” tarixi-memarlıq abidəsinin təmir-bərpası ilə bağlı layihənin təqdimatı ilə çıxış edib.

Növbəti plenar iclasın mövzusu UNESKO Ümumdünya İrs mərkəzləri və institutlarının fəaliyyətlərinə həsr olunub. İclasda təşkilatın “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının səmərəli icrası ilə əlaqədar irs mərkəzləri və institutların rolu barədə fikir mübadiləsi aparılıb.

Plenar iclaslar müzakirələrlə davam edib.


azertag.az