Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin, ART Qalereya və Heykəl Parkının açılışı üçün işlər yekunlaşıb və sənədləşmə işləri başa çatdırılıb.
Bu barədə Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov məlumat verib.
O bildirib ki, artıq payız aylarında ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi, ART Qalereya və Heykəl Parkının rəsmi açılışı keçiriləcək.
“Bu hadisə Azərbaycan ilə Ukrayna arasında mədəniyyət sahəsində əməkdaşlığın daha bir bariz nümunəsi olacaq. Azərbaycan Mədəniyyət Mərkəzinin və ART Qalereyanın əsas məqsədi Azərbaycan mədəniyyətini və sənətini təbliğ etmək, mədəni irsin qorunması, istedadlı uşaqların inkişafı və dəstəklənməsi, Ukraynanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, humanitar aksiyaların həyata keçirilməsi və xeyriyyə fəaliyyətinin təbliği məqsədilə milli, regional və yerli proqramların həyata keçirilməsinə kömək etməkdir”,- deyə Seyfəddin Qurbanov vurğulayıb.
Qeyd edək ki, Xarkov əhalisinin sayına görə Ukraynanın ikinci ən böyük şəhəridir.
azertag.az