Bakı Ali Neft Məktəbinin (BANM) 5 məzunu Çin Neft Universitetində (Pekin) təhsilini magistratura pilləsi üzrə davam etdirəcək.
BANM-dan verilən məlumata görə, Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisası üzrə məzunları Muradov Murad, Verdiyev Qorxmaz Çin Neft Universitetində Neft mühəndisliyi ixtisası, İmanov Tərxan, Ələşrəfov Məhəmməd və Əliyev Məhəmməd isə Neft və qaz yataqlarının işlənməsi mühəndisliyi ixtisası üzrə magistratura təhsili alacaqlar.
Onlar təhsillərini “Çin Xalq Respublikasında Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) - 2019/20” çərçivəsində əldə olunan təqaüd hesabına davam etdirəcək.
Məlumat üçün bildirək ki, Bakı Ali Neft Məktəbi ilə Çin Neft Universiteti arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Əməkdaşlıq haqqında Razılaşma mövcuddur.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Çin Neft Universitetinin prezidenti Zhang Laibin arasında imzalanmış razılaşmaya əsasən, BANM və Çin Neft Universiteti bakalavriat və magistratura səviyyəsində tələbə, həmçinin, elmi fəaliyyət və təhsil prosesi üzrə təcrübə mübadiləsini həyata keçirir.
trend.az