Bu il Bakıda 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb
31.7.2019

Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.

Daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla eyni zamanda Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub.

Yeni pavilyonların quraşdırılması ilə yanaşı, mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.