Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılır
1.8.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın nəcib təşəbbüsü ilə paytaxtımız Bakı şəhərində ictimai çəmərliklərin yaradılmasına başlanılıb.

IDEA İctimai Birliyindən bildirilib ki, paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına başlanmışdır.

İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Kömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 ha sahədə yaradılmışdır. Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılmış, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinaları, 2 yerdə duş, 2 yerdə 2 kabinalı sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılmış, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilmiş, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılmışdır.

Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulmüşdur.

“Şıx” ərazisində fəaliyyətə başlayan və digər ərazilərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcəkdir.