Azərbaycan meyvə-tərəvəz ixracını 7% artırıb
14.8.2019

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan 345 342,14 min. ABŞ dolları dəyərində 345 167,22 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, bu, 2018-ci ilin yanvar-iyul aylarının göstəricilərinə nisbətən müvafiq olaraq 44 026,36 min dollar (14,61%) və 22 718,27 ton (7,04%) çoxdur.

Bu ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,82%-ni təşkil edib.

Belə ki, bu ilin yeddi ayında Azərbaycan xarici ölkələrə 132 796,78 ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 141 209,05 min ABŞ dolları təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 1,15%-ni təşkil edib.

Ötən 7 ay ərzində Azərbaycan 13 167,44 ton meşə fındığı ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlirin həcmi isə 72 067,02 min dollar təşkil edib. Yanvar-iyul ayları ərzində meşə fındığının ixracı ölkəmizin ümumi ixracındakı payı 0,59% olub.

Həmçinin, ötən 7 ay ərzində Azərbaycan alma ixracından 16 486,45 min dollar gəlir əldə edib. Azərbaycan almasının ixracının həcmi isə 39 945,16 ton olub ki, bu da ümumi ixracda 0,13% paya bərabərdir.

Bundan başqa, bu il ərzində Azərbaycan 23 832,36 ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 18 113,01 min dollar vəsait əldə edib. Xurma ixracı isə yanvar-mart aylarında ölkənin ümumi ixracında 0,21% təşkil edib.