Arxeoloqlar Narın-Qalada qədim yaşayış məskəni tapıblar
14.8.2019

Rusiya Elmlər Akademiyasının Dağıstan Milli Mərkəzinin arxeoloq və etnoqrafları Dərbənddəki məşhur Narın-Qalada günümüzədək yaxşı vəziyyətdə çatmış və içərisində təsərrüfat inventarı olan qədim yaşayış məskəni tapıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə arxeoloji ekspedisiyanın rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, qazıntılar zamanı bütöv halda qalmış keramik qablar, o cümlədən çox gözəl yemək otağı üçün çini qablar aşkar edilib. Bundan başqa, yandırılmış tirlər və yanğın izləri də tapılıb. Arxeoloq qeyd edib ki, bu, insanların yaşayış məskəninin təcili tərk etdiklərini göstərir. Bunun isə tarixi-hərbi əməliyyatlara bağlı olduğunu ehtimal etmək olar. Yaşayış məskəninin V əsrdə bu ərazidə İrana qarşı baş vermiş üsyan zamanı xaraba qoyulduğu güman edilir.

M. Hacıyev bildirib ki, ən maraqlı tapıntı Şərqdə “hum” adlandırılan böyük təsərrüfat qabıdır. Məlum olub ki, torpağın altında olduğu 1,5 min il ərzində onun ağzı açılmayıb. Arxeoloq əlavə edib ki, tapılan yaşayış məskəni I-V əsrlərə aiddir və Dərbənddə ən qədim Narın-Qalanının tikintisindən əvvəl mövcud olub. Bu yaşayış məskəni qədim yazılı mənbələrdə “Çor” adlanır (farscadan tərcümədə darısqal yer deməkdir) və buradan yollar Xəzər dənizinin sahilinə aparır. Onun sözlərinə görə, qədim Çorun ərazisində dulusçuluq, dəmirçilik və digər sənətlər inkişaf edib. Burada aşkar edilmiş V əsrə aid unikal dulusçu sobası da bunu təsdiq edir.