Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan Multikultural Azərbaycan (multikultural.az) internet resursu fəaliyyətə başlayıb.
Nazirlikdən bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən internet resursu mədəni müxtəlifliyi təbliğ edir.
Sayt “Əsas səhifə”, “Mədəni müxtəliflik” (mədəniyyət, incəsənət), “Multikulturalizm” (milli siyasət, beynəlxalq sənədlər), “Azərbaycançılıq”, “Tolerantlıq”, “Media” və “Faydalı” kimi ana bölümlərdən, “Milli azlıqlar”, “Xəbər”, “Məqalə”, “Müsahibə”, “Foto”, “Video”, “Tədbirlər” (yerli və beynəlxalq), “Multikultural nəşrlər” kimi alt rubrikalardan ibarətdir.
Saytın hər üç dildə mobil versiyası, sosial platformalarda səhifələri (facebook, ınstagram, tvitter) də istifadəçilər üçün aktivdir.
Multikultural Azərbaycan (multikultural.az) internet resursu ölkədə yaşayan müxtəlif mədəni qrupların dilləri, mədəniyyətləri, məişətlərinin qorunmasında dövlətin və vətəndaş cəmiyyətlərinin gördüyü işləri ictimailəşdirir.
Layihə çərçivəsində milli azlıqların informasiya texnologiyalarından istifadə imkanları öyrənilib, Azərbaycan mətbuatında multikultural ənənələr araşdırılıb və saytda yerləşdirilib. Həmçinin müstəqillik illərində milli azlıqların yaratdığı yazılı və elektron media resurslarının statistikası aparılıb, mədəni müxtəlifliyin təbliğindəki rolları öyrənilib.
Layihənin sonrakı dövründə də milli azlıqların mədəniyyətləri hərtərəfli təbliğ ediləcək, eyni zamanda, müasir informasiya texnologiyaları (internet saytlar) vasitəsilə Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasət təbliğ olunacaq. Müstəqillikdən sonra dövlətin bu sahədə gördüyü işlər araşdırılacaq, Mədəniyyət Nazirliyinin mədəni müxtəlifliyin təbliğindəki rolu ictimailəşdiriləcək.
Xatırladaq ki, bu iş Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin icra etdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsi çərçivəsində həyata keçib.