Bakıda bədii gimnastika üzrə dünya çempionatı başlayıb.
Mundialın birinci günündə gimnastlar fərdi proqramda halqa və topla təsnifat mərhələsində güclərini sınayacaqlar. Azərbaycanın A qrupunda yer alan təmsilçiləri - Zöhrə Ağamirova və Veronika Qudis halqa ilə hərəkətlərdə yarışacaqlar.
Sentyabrın 22-dək davam edəcək yarışda 61 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq. Sayca, 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Sabah halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.
Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. Gimnastlar ümumilikdə doqquz dəst medal uğrunda mübarizə aparacaqlar.
Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında Azərbaycanı 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
.
16 sentyabr
12:00 - 13:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top (növbə ilə)
13:35 - 15:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top
16:00 - 17:20. C qrup, təsnifat mərhələsi. Halqa və top
17:35 - 18:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top
19:15 - 20:00. Açılış mərasimi