Sentyabrın 27-də baş tutacaq Sənaye və infrastrukturun modernləşdirilməsi üzrə ənənəvi Alman-Azərbaycan biznes-forumunda Alman şirkətlərinin iştirakı gözlənilir.
“Report”un AHK Azərbaycana istinadən verdiyi xəbərə görə, dünən Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) COMMIT Project Partners GmbH təşkilatı ilə sıx əməkdaşlığı çərçivəsində alman şirkətlərindən ibarət nümayəndə heyəti ilə artıq B2B görüşləri keçirilib.
Almaniya və Azərbaycan arasındakı iqtisadi əlaqələrin dinamik inkişafı istiqamətində növbəti addım olaraq, Alman iş adamlarından ibarət nümayəndə heyəti Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə Azərbaycana səfər edib.
Dörd günlük biznes səfərinin ilk günü bank sektoru, sənaye təchizatı və xidmətləri, texniki və elektrik sınaq avadanlıqları, təhlükəsizlik və nəzarət sistemləri və digər sahələrdə fəaliyyət göstərən Almaniya və Azərbaycan iş adamları arasında B2B görüşləri baş tutub. Bayerische Landesbank (BayernLB), Hans Lehnard CEPT GmbH, Noble Products International GmbH, Kaeser Kompressoren SE, PT Plastic Technologie GmbH, Securemen GmbH, Seba Dynatronic Mess- und Ortungstechnik GmbH yerli şirkətlərlə mövcud əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün müzakirələrdə yaxından iştirak ediblər. Alman nümayəndə heyətinin gündəliyində qarşıdakı üç gün ərzində Azərbaycan hökumətinin və dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, eləcə də yerli özəl şirkətlərin rəhbərləri ilə üzbəüz görüşlər nəzərdə tutulub.
Nümayəndə heyətinin səfəri sentyabrın 28-də başa çatacaq.