Sentyabrın 27-si Dünya Turizm Günüdür.
AZƏRTAC xəbər verir ki, bu il də Dünya Turizm Günü özünəməxsus şüarı ilə seçilir. Builki turizm günü “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” şüarı altında keçirilir.
Bu il Dünya Turizm Gününün əsas tədbirlərinə Hindistanın Nyu-Delhi şəhəri ev sahibliyi edəcək. Birgünlük konfransın sessiyalarında turizm sektorunun daha çox və yaxşı iş yerləri yaratmaq imkanı və bununla da dünyada hamı üçün daha yaxşı gələcək qurulmasına köməyi vurğulanacaq. Konfransda, həmçinin əmək bazarında və texnoloji sektorda baş verəcək dəyişikliklərin yaradacağı imkan və problemlər müzakirə olunacaq.
Təsadüfi deyil ki, builki şüara uyğun olaraq ölkə miqyasında və beynəlxalq səviyyədə keçirilən tədbirlərin əsas məqsədi daha çox turistin cəlb edilməsi ilə Azərbaycanı regional və beynəlxalq səviyyəli turizm mərkəzinə çevirmək, ölkədə turizmin hərtərəfli inkişafına nail olmaq, yeni iş yerlərinin açılmasına, məşğulluğun artmasına, bununla da iqtisadiyyatın inkişafına və əhalinin formalaşan gəlirlərinə töhfə vermək, yaxın 10 il ərzində turizmin ÜDM-dəki payını 10 faizə çatdırmaqdır.
Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv kimi qəbul olunub. 27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.
Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir.
2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.
Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.
Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi və sənayenin üzvlərinin bu prosesə cəlb olunması, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanılıb.
İlk addım olaraq “Bir daha bax” (“Take another look”) şüarı ilə Azərbaycanın yeni turizm brendi 2018-ci ilin noyabrında Londonda “Dünya Səyahət Bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Ən mühüm tədbirlərdən biri ötən ilin dekabrında Dövlət Turizm Agentliyinin nəzdində əsas vəzifəsi qoruqlardakı mədəni irsin effektiv idarəolunmasını təmin etmək, qoruqların büdcədən kənar gəlirlərinin daha səmərəli istifadəsinə nail olmaq olan Qoruqların İdarəetmə Mərkəzi publik hüquqi şəxsinin yaradılması olub.
Rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və ərazisində müasir turizm infrastrukturunun yaradılması üçün ölkə başçısının tapşırığı ilə təmir olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu tamamilə yeni konsepsiyada bərpa olunaraq turistlərin ixtiyarına verilib. Bundan əlavə, cari ilin mayında Dövlət Turizm Agentliyinin tabeliyində olan 7 qoruqdan digəri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Prezidentin müvafiq Sərəncamına əsasən hazırlanan yenidənqurulması konsepsiyası təqdim edilib. 2018-2023-cü illəri əhatə edəcək 5 illik konsepsiyanın əsas məqsədi qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası yolu ilə Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır. Eləcə də “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan olaraq qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün “Xınalığın inkişaf proqramı” layihəsi işlənib hazırlanıb.
Qeyd edək ki, bu il ölkəmiz üçün əlamətdar və tarixi bir hadisə olaraq UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Artıq Şəkidən başqa “Xınalıq” Qoruğunun da UNESKO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salınması ilə bağlı müzakirələrə başlanılıb. Hazırda Şəki şəhərinin yeni konsepsiyası üzərində iş başa çatdırılmaq üzrədir, həmçinin “Yuxarı Baş” qoruğunun ərazisində tarix və mədəniyyət abidələri siyahıya alınaraq vahid məlumat bazası yaradılıb. Digər qoruqlarda da müvafiq işlər davam etdirilir.
İnfrastrukturla bağlı layihələrin reallaşdırılması ilə yanaşı, turist məmnunluğunun artırılması məqsədilə turizm sənayesinin üzvləri proseslərə cəlb olunur, turizmin inkişafına töhfə verəcək ictimai təşkilatlandırma işinə dəstək verilir.
Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.
Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, xaricdə də müvafiq addımlar atılır, il ərzində dünyanın müxtəlif ölkələrində keçirilən və dünya turizm sənayesinin əsas iştirakçılarını bir araya toplayan beynəlxalq sərgilərdə iştirak edilir, hədəf bazarlarda müxtəlif tədbirlər, seminarlar, təqdimatlar, işgüzar görüşlər təşkil olunur.
Azərbaycanın turizm potensialının xaricdə təbliğatı kampaniyasının əsas istiqamətlərindən biri 2018-ci ilin sonundan etibarən Rusiyanın Moskva, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanının Ər-riyad, Hindistanın Mumbay, Çinin Pekin və Almaniyanın Frankfurt şəhərlərində daimi turizm nümayəndəliklərinin fəaliyyətə başlaması olub. Bu nümayəndəliklərlə yanaşı, daha bir neçə fərqli regionlardan olan ölkələrdə daimi turizm nümayəndəliklərinin açılması da planlaşdırılır.
Qeyd olunan bütün fəaliyyətlər 2016-cı ilin sonunda dövlət başçısının təsdiqi ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqsəd və vəzifələrin həyata keçirilməsinə hədəflənmişdir. Bu məqsəd və vəzifələrin icrasının nəticəsi olaraq 2018-ci ildə Azərbaycana gələn xaricilərin sayında 2017-ci illə müqayisədə 5.7 faiz artım olub. Eləcə də 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5 fazi çox qonaq deməkdir. Hədəf 2023-cü ilədək ölkəyə gələn turist sayını 2 dəfəyədək artırmaqdır.
Xüsusi olaraq vurğulanmalıdır ki, son illər Azərbaycanda turizm sahəsində aparılan köklü islahatlar, qəbul edilən qərarlar və reallaşdırılan layihələr öz bəhrəsini verməkdədir. Görülmüş işlərin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayında ilbəil artım müşahidə olunmaqdadır.