Əbülfəs Qarayev Türkiyənin tanınmış rəssamı ilə görüşüb
3.10.2019

Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyənin tanınmış rəssam və heykəltəraşı Ahmet Güneştekin ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ə.Qarayev Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində açılan "Yaddaşın əlifbası" adlı fərdi sərgisi münasibətilə rəssamı təbrik edib, sərgi haqqında fikirlərini bölüşüb.

Qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər xoş əks-səda doğurub. Ölkəmizdə belə sərgilərin keçirilməsini yüksək qiymətləndirən nazir rəssamın gələcəkdə də bu kimi layihələrdə iştirakına dəstək göstəriləcəyini bildirib.

Ahmet Güneştekin qəbula görə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib, Azərbaycanda olmağından böyük məmnunluq duyduğunu ifadə edib.

Qeyd edək ki, Türkiyə müasir incəsənətinin tanınmış simalarından olan Ahmet Güneştekin 1966-cı ildə Batmanda anadan olub. 1997-ci ildə ilk emalatxana-studiyasını İstanbulda açıb. 2003-cü ildə ilk dəfə İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində fərdi sərgisi təşkil edilib. 2010-cu ildə İstanbulda "Güneştekin" Sənət Mərkəzi yaradılıb.

Sənətkarın Ankara, İzmir, Venesiya, Nyu-York və s. şəhərlərdə sərgiləri təşkil olunub, maraqlı instalyasiyaları təqdim edilib.

Xatırladaq ki, Ahmet Güneştekinin Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.