18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17.10.2019

Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini elan etməsinin 28-ci ili tamam olur. 1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Bununla yanaşı, parlamentdə qəbul olunmuş qərarda Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün Konstitusiya Aktının hazırlanması nəzərdə tutulurdu. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası bir neçə günlük müzakirələrdən sonra, oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. İstiqlaliyyətə gedən yola nəzər salaraq, bu dövrdə yaşanmış proseslər haqqında aşağıdakı beş tezisi hörmətli oxucularımın diqqətinə çatdırmaq istəyirəm.

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis” sərlövhəli məqaləsində yer alıb. TREND məqaləni təqdim edir.

Birinci tezis: 1988-ci ildən Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinin, xüsusən də M.Qorbaçovun Dağlıq Qarabağda başlanan erməni separatizmini dəstəkləməsinə və yürütdüyü ermənipərəst siyasətə qarşı ciddi narazılıq yetişməkdə idi. Bu narazılıq fonunda, elə meydanlarda mitinqlərin gedişi zamanı Azərbaycan Xalq Cəbhəsi (AXC) adlı hərəkat yaranmış, sonrakı illərdə tədricən formalaşdırılaraq vahid bir quruma çevrilmişdi. AXC sonrakı mərhələdə getdikcə genişlənən xalq hərəkatına rəhbərliyi öz əlinə almış və onu idarə etməyə çalışmışdır. Xalq hərəkatı ilk dövrdə daha çox narazı əhalinin mərkəzi və yerli hakimiyyət strukturlarının qərarlarına qarşı pərakəndə etiraz çıxışları formasında ifadə olunurdu. Hərəkat iştirakçıları SSRİ rəhbərliyindən Dağlıq Qarabağla bağlı ədalətli və obyektiv mövqe tutmasını, Azərbaycanın suveren hüquqlarının qorunmasını və s. tələb edirdilər. AXC həmin dövrdə kütlələr arasında müəyyən populyarlıq qazansa da, əhalinin bir çox təbəqələri, xüsusilə də ziyalılar, texnokratlar və təsərrüfat fəalları ona o qədər də etibar etmirdilər. Ona görə ki, bu qurumun əsasən radikal dünyagörüşlü insanlardan ibarət rəhbərliyi ölkə ziyalılarını, xalqın intellektual kəsimini öz sıralarına o qədər də həvəslə buraxmırdı. Nəticədə, AXC o dövrdə getdikcə güclənən xalq hərəkatını səmərəli şəkildə idarə edərək, onun gələcək fəaliyyət istiqamətləri ilə bağlı aydın strategiya və çevik taktika ortaya qoya bilmədi. Elə bu səbəbdən də Sovet İttifaqı rəhbərliyi Azərbaycanda artmaqda olan narazılığın qarşısını almaq, mərkəzdənqaçma meyillərini söndürmək və kütləvi cəza vasitəsilə xalqı qorxutmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda qanlı faciə törətdi, özü də bu zaman AXC-dən, onun bəzi rəhbərlərinin radikal addımlarından “vasitə” kimi istifadə etdi.

İyirmi Yanvarda sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciədən sonra Azərbaycan xalqının həm SSRİ, həm də respublika rəhbərliyinə qarşı narazılığı və nifrəti daha da gücləndi. O vaxta qədər ölkə və respublika rəhbərliyindən əsasən haqqın və ədalətin, qanunvericiliyin qorunmasını tələb edən narazı kütlə yavaş-yavaş genişlənən yeni mübarizə dalğasının – milli azadlıq hərəkatının hərəkətverici qüvvəsinə çevrildi. 20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra vüsət aldı. Onun 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, kəskin bəyanat səsləndirməsi, kütləvi qırğınının səbəbkarı kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini ittiham etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi. Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatdan qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan verdi.

İkinci tezis: Heydər Əliyev 1990-cı ildə öz doğma vətəninə - Azərbaycana qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni, Moskvadan qayıtdıqdan iki gün sonra paytaxtı tərk edərək Naxçıvana üz tutmağa məcbur oldu. Az sonra - 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına deputatlar tərəfindən iclasa sədrlik Heydər Əliyevə həvalə edildi. İclasda onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında o da analoji qərarlar qəbul etsin. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə milli azadlıq hərəkatının mərkəzi də Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri də məhz Heydər Əliyev oldu. Heydər Əliyevin deputat kimi ardıcıl nümayiş etdirdiyi əsil və mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi.

Üçüncü tezis: Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin - görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu. Belə ki, əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəallarının özü belə Heydər Əliyevin ətrafında cəm oldular. Bu reallıq xalq hərəkatına ciddi mütəşəkkillik və ardıcıllıq gətirdi, Azərbaycan xalqı milli müstəqilliyin əleyhinə məqsədyönlü fəaliyyət göstərən Mütəllibov rejiminə qarşı vahid cəbhədən çıxış etməyə başladı. Heydər Əliyev Azərbaycan Ali Sovetindəki “demblok” nümayəndələrini də öz ətrafında, milli azadlıq hərəkatı ideyası altında birləşdirərək, yerli kommunist hökumətinin iradəsinin ziddinə olaraq, oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu.

Dördüncü tezis: 1991-ci il 18 oktyabra gedən yol gərgin ictimai-siyasi proseslər və o zamankı hakimiyyətin yaratdığı süni maneələrlə müşayiət olunmuşdur. O dövrdə Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibov hökumətinin üzvləri və Ali Sovetin kommunist korpusu Azərbaycanın müstəqil dövlət statusunu təsəvvür belə etmir, milli-demokratik qüvvələrin müstəqillik uğrunda gündən-günə güclənən mübarizəsinə kommunist hakimiyyətinin sonu kimi baxır və ciddi müqavimət göstərirdilər. Azərbaycanın kommunist rəhbərliyi xalqın yüksələn müstəqillik əzmini hər vəchlə qırmağa çalışır, respublika həyatında bu istiqamətdə müşahidə olunan bütün ictimai fəaliyyət və hərəkətlərə mane olur, xüsusən parlament tribunasından milli müstəqillik uğrunda əsil mübarizə aparan Heydər Əliyevin, digər müstəqil düşüncəli deputatların Ali Sovetdəki çıxışlarını pozur, hətta Heydər Əliyevə qarşı qeyri-etik hücumlar təşkil edərək, ölkədə onun siyasi fəaliyyətinə qadağa qoymağa cəhd göstərirdilər. Elə bunun nəticəsi kimi, Azərbaycan Kommunist Partiyasının o vaxtkı bütün rəhbərliyi 1991-ci il martın 17-də SSRİ-nin saxlanması ilə bağlı respublikada saxta referendum təşkil edərək, guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs verdiyini elan etmişdi. O zaman yalnız Heydər Əliyev başda olmaqla Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu saxta və anti-milli referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsindən imtina etmiş və qarşısını almışdı. Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə də hamıdan qabaq - 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.

Beşinci tezis: AXC-Müsavat dairələri 1992-ci ilin mayında xarici qüvvələrin təhriki ilə və silahlı yolla o zaman üçün tam nüfuzdan düşmüş Mütəllibov hökumətini devirərək siyasi hakimiyyəti ələ keçirdilər. Əslində bu, həm milli azadlıq hərəkatına, həm respublikada yeni-yeni yaranmaqda olan demokratiya prinsiplərinə, həm də şəxsən Heydər Əliyev kimi təcrübəli bir liderin demokratiya və milli azadlıq mübarizəsi istiqamətindəki xidmətlərinə qarşı ədalətsiz bir gediş idi. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi deputatların böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbinə baxmayaraq, Heydər Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta parlamentdən onunla əlaqə yaradılmasına belə mane oldular. Onlar öz namizədlərinin sədr “seçilməsinin” hansısa doqquz xarici dövlətlə razılaşdırılması barədə cəfəng antidemokratik fikirlər səsləndirməkdən belə çəkinmədilər. Hakimiyyətə tam yiyələndikdən sonra bu dairələr gələcəkdə Heydər Əliyevi özlərinə ciddi rəqib sayaraq, bütün vacib işlərini bir kənara qoyub onunla qeyri-qanuni və antikonstitusion mübarizəyə başladılar, dəfələrlə Naxçıvanda dövlət çevrilişinə, Ali Məclis sədrinin fiziki varlığına son qoymağa cəhd göstərdilər. Belə qeyri-demokratik və antimilli vasitələrlə fəaliyyət göstərən AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi astanasına gətirildi.

1992-ci il oktyabrın 16-da cəbhə-müsavat dairələrinin yarıtmaz hakimiyyətinin nəticəsi olaraq gündən-günə kəskinləşən vətəndaş qarşıdurmasını açıq şəkildə müşahidə edərək, yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün vətəndaşları, sağlam düşüncəli qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək məsələsinə münasibət bildirməsini Heydər Əliyevdən xahiş edirdilər. Respublikada gündən-günə kəskinləşən və getdikcə daha da fəlakətli vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş qarşıdurması fonunda Azərbaycanı canı qədər sevən bir lider kimi Heydər Əliyev əlbəttə ki, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin tələblərini cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra - oktyabrın 24-də o, “Səs” qəzetində ölkə ziyalılarına cavab verdi. Bu, əslində adi bir cavab deyildi, Azərbaycanın mövcud fəlakətli vəziyyətinin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət proqramı idi. Sonrakı prosesləri, hörmətli oxucular yaxşı bilir, Bakıda qurultay keçirməsinə imkan verilməyən ziyalılar və partiya qurucuları soyuq və şaxtalı Naxçıvana axışdı və noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilatı yaratdılar. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə YAP-ın sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyətin ətrafında səfərbər olaraq Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər. Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün Ulu Öndərin söylədiyi “Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir” fikrini bir daha təsdiq edir.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor