Volqoqradda “Bakı” parkı salınacaqdır
10.4.2013

Azərbaycan hökuməti Volqoqrad şəhərinin parklarından birini abadlaşdıracaqdır.
Nərimanov Rayon İcra Hakimiyyətindən (RİH) bildirilmişdir ki, bu və digər əməkdaşlıq üzrə məsələlər Azərbaycan nümayəndə heyətinin Volqoqrad vilayətinə səfəri zamanı müzakirə edilmişdir.
Səfər çərçivəsində keçirilmiş görüşlərdə vilayətin qubernatoru Sergey Bojenov və digər rəsmi şəxslər Volqoqradda daimi yaşayan həmvətənlərimizlə müzakirələr aparmışlar.
RİH-in başçısı Abdin Fərzəliyevdən və onun müavini Rəşid Ağayevdən, eləcə də Qaradağ RİH-in başçısı Süleyman Mikayılovdan ibarət Azərbaycan nümayəndə heyəti uzunmüddətli əməkdaşlığa, xüsusilə də sosial layihələrin həyata keçirilməsinə hazır olduğunu bildirmişdir.
Azərbaycan hökuməti tərəfindən Volqoqrad şəhərində “Bakı” parkının salınması, orada dostluğun rəmzi olan abidənin ucaldılması və ətraf ərazinin abadlaşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə ayrılmış altı hektarlıq əraziyə baxış keçirilmişdir.
Bundan əlavə, Azərbaycan tərəfi xeyriyyə aksiyaları həyata keçirəcəkdir. Nümayəndə heyəti hamiliyə götürülməsi nəzərdə tutulan Volqoqrad şəhərindəki 4 saylı internat məktəbində olmuş, burada aparılacaq təmir-bərpa işlərini yerində müəyyənləşdirmişlər. Qeyd edək ki, 1987-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də bu internat məktəbi ilə tanış olmuşdur.
Azərbaycan Volqoqrad vilayətinin xarici ticarət sahəsində ilk onluğa daxildir. Azərbaycan ilə Volqoqrad arasında 2012-ci ildə xarici ticarət dövriyyəsi 140 milyon ABŞ dollarından artıq təşkil etmişdir. Qubernator S.Bojenovun sözlərinə görə, bu gün vilayətin hökuməti Azərbaycan sərmayəçiləri üçün bir sıra yeni sənaye və infrastruktur layihələrini təklif etməyə hazırdır və ölkəmiz ilə uzunmüddətli əməkdaşlıq sazişini imzalamaq niyyətindədir. İki tərəf arasında iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq Sazişinin Volqoqrad vilayətində cari ilin iyununda keçiriləcək Rusiya-Azərbaycan Forumu çərçivəsində imzalanması planlaşdırılır.

AzərTac