İyun ayından Azərbaycanın rayonlarında səyyar “Asan xidmət” mərkəzləri fəaliyyət göstərəcək.
Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib: “Bəzi bölgələrdə “Asan xidmət mərkəzlərinin açılması vaxt baxımından mümkün deyil. Buna görə də ölkə prezidentinin tapşırığına əsasən, həmin bölgələrdə xüsusi avadanlıqlarla təchiz edilmiş avtobuslar regionlara, qəsəbə və kəndlərə gedərək vətəndaşlara yerindəcə xidmət göstərəcək. Bu prosesə iyun ayından etibarən başlanılacaq”.
Agentlik sədri deyib ki, 300-ə yaxın gənc könüllü olaraq müqavilə əsasında “Asan xidmət” mərkəzlərində fəaliyyətə cəlb olunublar. Gələcəkdə həmin şəxslər dövlət qulluğuna qəbul olmağa hazırlaşırlar: “Bu, onların dövlət qulluğuna qəbulunu daha da asanlaşdıracaq. Çünki onlar “Asan xidmət” mərkəzlərində müəyyən təcrübə toplamış olurlar. Biz dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəməyən, özəl və digər sektorda çalışmaq istəyən şəxslərə də müvafiq sertifikatlar veririk. Bu, onların işə qəbulunu daha da asanlaşdıracaq”.
APA