Gürcüstanda Azərbaycan kinosu günləri keçiriləcək
23.4.2013

Sabah Gürcüstanda Azərbaycan kinosu günləri tədbirləri başlayacaq. Tədbirlər ARDNŞ-in dəstəyi ilə baş tutacaq. İlk tədbir aprelin 24-də keçiriləcək. Burada gürcü kinoşünasları və rejissorları ilə görüş olacaq.

Həmin gün axşam isə “Gürcüstanda Azərbaycan kinosu günləri”nin rəsmi açılışı olacaq. Açılışda Gürcüstan Mədəniyyət Naziri Quram Odişariya çıxış edəcək. Tədbirdə Kino Mərkəzinin, ARDNŞ-in, İnterMedia televiziyasının nümayəndələri və Bakıdan gələn qonaqlar iştirak edəcəklər.

Tədbirlərə Gürcüstanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, Gürcüstanın məşhur kino xadimləri, Gürcüstanda yaşayan soydaşlarımız, azərbaycanlı və gürcü ziyalıları da qatılacaq. Həmin gün rejissor Vaqif Mustafayevin “Milli bomba” filmi nümayiş olunacaq.

Aprelin 25-də Azərbaycandan gələn nümayəndə heyəti gürcü kinorejissor Eldar Şenqelaya ilə görüşəcək, Gənclər Sarayında qonaqların şərəfinə təşkil olunan uşaq konserti təşkil olunacaq və rejissor Şamil Nəcəfzadənin çəkdiyi “Qala” filminin nümayişi olacaq.

“Gürcüstanda Azərbaycan kinosu günləri” çərçivəsində Bakıdan gələn qonaqları Gürcüstan mədəniyyət naziri Quram Odişariya qəbul edəcək. Tədbir iştirakçılarının Borçalıya səfəri də planlaşdırılıb. Tədbir çərçivəsində Azərbaycandan gələn yaradıcı nümayəndə heyəti ilə azərbaycanlı ziyalılarının görüşü keçiriləcək və görüşdən sonra Şamil Nəcəfzadənin rejissorluğu ilə çəkilən və ssenari müəllifi Ramiz Rövşən olan “Qala” filmi göstəriləcək.

APA