Yaponiyada Analar Günü qeyd olunub
13.5.2013

Mayın 12-də Yaponiyada Analar Günü qeyd olunub
Gündoğar ölkədə 1947-ci ildən başlayaraq mayın ikinci bazar günü qeyd edilən bu bayram zamanı qadınların iştirakı ilə müxtəlif kütləvi tədbirlər təşkil edilir, anaların şərəfinə xoş sözlər deyilir.
Yaponiyada uzun müddət bu bayram zamanı yaxalara anaların uşaqlara məhəbbətinin rəmzi sayılan qərənfil taxılardı. Anaları sağ olanlar yaxalarına qırmızı, onları itirənlər isə ağ qərənfil taxardılar. Ötən əsrin 1960-cı illərində etik qaydalara görə yaxaya ağ qərənfil taxılması ləğv edildi. Qırmızı qərənfil isə bu gün də Yaponiyada Analar Gününün rəmzi sayılır.
Son illər Yaponiyada Analar Günü daha çox kommersiya xarakteri alaraq “minnətdarlıq hissinin ifadə edilməsi” əvəzinə “hədiyyə verilməsi” anlamına gəlməkdədir. Mayın ikinci bazar günü hər yerdə canlanma hiss olunur, müxtəlif hərraclar, lotereya oyunları təşkil edilir. Daha çox satılan mallara güzəştlər tətbiq edilir. Bayram ərəfəsində marketlər “analar üçün mallar”la doldurulur. Müxtəlif koftalar, çantalar, pul qabları, mətbəx və bəzək əşyaları, qiymətli daş-qaşlar, şirniyyat arasından bəyəndikləri hədiyyəni seçən yaponlar onun üzərinə mütləq qırmızı qərənfil də əlavə edirlər.
Təsadüfi deyildir ki, bayram ərəfəsində televiziya ekranlarında bu barədə daha çox reklam və elanlar səslənir. Tanınımış firmalar fürsətdən istifadə edərək müştəriləri hamının yaxşı tanıdığı şokoladları və digər şirniyyat məhsullarını almağa dəvət edirlər.
Zaman və cəmiyyət nə qədər dəyişsə də yaponlar qadının ailədə rolunu yüksək qiymətləndirir və ona xüsusi hörmətlə yanaşırlar. Çünki hər bir yapon yaxşı bilir ki, yapon ailəsinin mərkəzində məhz qadın - ana dayanır.

AzərTac