Prezident İlham Əliyevin “10 ilin dövlət adamı”seçilməsi gənclərimizə qürur verir
16.5.2013

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilmişdir. Bu barədə “Ekovitrin”də verilmiş geniş yazıda jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondentin iştirak etdiyi bildirilmişdir.
Bu barədə fikirlərini bölüşən “Gələcəyə Baxış” İctimai Hərəkatın həmsədri Aqil Acalov Bu seçim Azərbaycan Prezidentinin türk dünyası üçün mühüm əhəmiyyət daşıyan siyasi fəaliyyətindən, eləcə də öz qətiyyətindən heç bir zaman geri durmamasından irəli gəlir. “Bu olduqca sevindirici və gözlənilən bir xəbərdir. Ayrı-ayrılıqda Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Qırğızıstan, Türkmənistan gəncliyi də İlham Əliyevi lider kimi birinci yerdə görür. Bu seçimə səbəb isə bu gün Azərbaycanın nüfuzunun regionda və beynəlxalq aləmdə güclənməsi, ölkəmizin beynəlxalq iqtisadi, siyasi, mədəni tədbirlərin iştirakçısı olmaqla yanaşı, həm də belə konfrans və layihələrin ev sahibinə çevrilməsidir.
A.Acalov Azərbaycanın Qərb ölkələri ilə yanaşı, türkdilli dövlətlər arasında ictimai-siyasi münasibətlərin inkişafında maraqlı olduğunu bildirmişdir. Türkdilli ölkələrin dövlət başçılarının ənənə halını almış zirvə görüşləri türk dünyasının gələcəyi üçün mühüm məna daşıyır.
Prezident İlham Əliyevin “Biz bir-birimizi daim dəstəkləməliyik. Hər bir türkdilli ölkənin problemi digərlərinin probleminə çevrilməlidir” sözlərini diqqətə çatdıran A.Acalov siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq gücləndikcə ortaq maraqları birləşdirmək imkanlarının da genişləndiyini bildirmişdir. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşləri, diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilən forumlarda səslənən “Dildə, fikirdə, əməldə birlik” şüarlarının real həyatda özünü doğrultması da ulu öndər Heydər Əliyev kimi türkçü ideoloqların varislik irsinə sədaqətdən irəli gəlir.

AzərTac