"Muhteşem yüzyıl"da şok qərar: vəssalam...
29.5.2013

Türkiyənin ən populyar serialı "Muhteşem yüzyıl" serialında ciddi dəyişikliklər edilib.

Hürrəm Sultan rolunu oynayan aktrisa Məryəm Üzerlinin kimsəyə xəbər etmədən çəkiliş meydançasını tərk etməsi və Berlinə yollandığını, orada psixoloji reabilitasiya klinikasında müalicə olunduğunu deməsindən sonra ara qarışmışdı.

Daha sonra Məryəm Üzerli qonorarının artırılmasını tələb etmişdi.

Bəzi iddialara görə, aktrisa Berlinə getməyib və İstanbuldadır. Sadəcə o, "Muhteşem yüzyıl"dakı çəkilişləri boykot edib.
Serialı çəkən "Tims Production" studiyası dünən iş prosesini bərpa edib. 101-ci seriyanın çəkilişləri başlanıb.

Lakin iyunun 19-da final seriyasının nümayiş ediləcəyi deyilən serialın Star TV telekanalında yarımçıq, tələsik başa çatdırılmasına qərar verilib.

Serialın baş prodüseri Timur Savcının qərarına görə, "Muhteşem yüzyıl" serialı 104-cü yox, 103-cü seriyada bitəcək.

"Tims Production" studiyası çəkilişlərə ağır zərbə vurmuş Məryəm Üzerli ilə problemi hüquqi müstəvidə həll etmək niyyətindədir. Studiyanın vəkilləri aktrisanın atası Hüseyn Üzerli ilə görüşəcəklər.

Timur Savcvı dünən jurnalistlərin çoxsaylı suallarını bir kəlmə ilə cavablandırıb: "Vəssalam!"

publika.az