Qədim tarixə və gözəl təbiətə malik Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti vardır.
Bu sözləri Qəbələdə “MDB-nin mədəniyyət paytaxtları - 2013” dövlətlərarası proqramının təntənəli açılış mərasimində iştirak edən Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin üzvü olan ölkələrin humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu jurnalistlərə müsahibəsində demişdir.
P.Bülbüloğlu vurğulamışdır ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin çox zəngin olduğunu göstərir. Bu, Azərbaycan mədəniyyətinin MDB ölkələrində təbliği baxımından da çox böyük əhəmiyyət daşıyır.
Səfi demişdir: “Biz çox şadıq ki, bugünkü tədbirdə 10 ölkədən rəsmi qonaqlar, mədəniyyət işçiləri iştirak edirlər. Bu gün Azərbaycanda regionların sürətli inkişafı Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirməsini bir daha göstərir. Mən çox sevinirəm ki, paytaxtla yanaşı bölgələr də inkişaf edir. Qəbələ son vaxtlar çox gözəl və müasir bir şəhərə çevrilmişdir. Qonaqlar Qəbələ ilə tanışlıq zamanı ölkəmizin necə də sürətlə inkişaf etdiyinin şahidi olurlar. Təbii ki, bir azərbaycanlı kimi mən buna görə çox sevinirəm. MDB-nin mədəniyyət paytaxtı elan olunan Qəbələdə bu il ərzində bir neçə mədəni-humanitar tədbir keçiriləcəkdir. Bunun üçün Qəbələdə bütün lazımı şərait vardır”.
AzərTac