Dəniz araşdırmaları üzrə Yapon milli agentliyinin elmi əməkdaşı Mototaka Nakamura bəyan edib ki, iki ildən sonra Yer kürəsində iqlim dəyişikliklərinin baş verəcəyi ehtimal olunur. Onun əldə etdiyi göstəricilərə görə, planetimizi qlobal istiləşmə deyil, əksinə, qlobal soyuqlaşma gözləyir.
Fikir Fabriki İnstitutunun "RBK-daily"-yə istinadən verdiyi məlumata görə, sözügedən alim 1957-ci ildən indiyə kimi dünyadakı iqlim dəyişikliklərini izləyir və Qrenlandiya dənizinin su səthinin temperatur göstəricilərini öyrənir. Mövcud informasiyaları təhlil etdikdən sonra Nakamura bu qənaətə gəlib ki, 70-illik istiləşmə dövrü başa çatmaq üzrədir və o, yerini soyuqlaşmaya verir.
«Qrenlandiya dənizinin qalxıb-enən temperaturu 70 il ərzində Atlantik okeanının isti və soyuq cərəyanlarının istiqamətini təyin etmək üçün yaxşı indikatordur" - deyə Nakamura bildirib.
Bu gün qlobal soyuqlaşma nəzəriyyəsinin tərəfdarlarının sayı qlobal istiləşmə tərəfdarları qədər deyil. İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun mövqeyinə istinad edəsi olsaq, "son 50 ildə aparılan müşahidələr göstərir ki, qlobal istiləşmə təbii faktorlara xarici müdaxilənin və insanın regional fəaliyyətlərinin nəticəsidir".
Qlobal soyuqlaşma barədə fikir irəli sürən yapon mütəxəssis diqqəti əsasən ona yönəldib ki, onun araşdırma modeli parnik effektini nəzərə almır.
«Biz indi insan fəaliyyəti amilinin iqlim dəyişmələri prosesinə necə təsir göstərdiyini öyrənməliyik", - deyə Nakamura əlavə edib.
publika.az