“Sazz” internet provayderi “ENGINET” MMC-nin texniki dəstəyi ilə yeniyetmələr üçün xüsusi filtrlənmiş internet xidmətini göstərməyə başlayıb.
Provayderdən verilən məlumata görə, filtrlənmiş internet xidməti məktəbliləri və yeniyetmələri virtual mühitdə mövcud olan pornoqrafik materiallardan, zorakılıq, ekstremizm və terrorizmi təbliğ edən, habelə qeyri-normativ leksikalı internet mənbələrindən mühafizə etmək üçün yaradılıb.
“Yeniyetmə” adı ilə təqdim olunan filtrlənmiş internet paketi “Sazz” provayderinin istifadə etdiyi simsiz texnologiya vasitəsilə saniyədə 10 Mb sürətlə limitsiz trafiklə təqdim olunacaq. Paketin aylıq abunə haqqı 25 manatdır.
“E-learning 1:1” proqramı çərçivəsində daha əvvəl AX 326 modemlərini əldə etmiş istifadəçilər müqavilələrinin nüsxəsini istənilən “Sazz” satış nöqtəsinə təqdim edərək xidmətə öz modemləri ilə qoşula biləcəklər. “Yeniyetmə” paketindən istifadə etmək istəyən digər abunəçilər isə “Sazz” şirkəti tərəfindən təklif olunan USB AX 326 və ya stasionar IX 380 modemini əldə edib xidmətə qoşula bilərlər.
Xidmətə Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən “Sazz İnternet” baş ofisində, eləcə də bütün “Sazz İnternet” satış nöqtələrində qoşulmaq olar. Abunə haqqı ödənişlərini nağd olaraq “Sazz” ofislərində, ya da “onlayn” olaraq şirkətin www.sazz.az ünvanlı rəsmi saytındakı “şəxsi kabinet”dən qəbul olunur. “Sazz İnternet”in satış nöqtələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır.
Xatırladaq ki, “Sazz İnternet” yeni abunəçilərə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.
Hazırda “Sazz İnternet” Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Yaxın iki ay ərzində “Sazz İnternet”in əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb.
APA