Rahatlığın qənimi olan qorxu
10.7.2013

İnsan məhz qorxduğu hadisələri özünə cəlb edir.

Təbii müdafiə reaksiyası olan qorxu neqativ emosiyalar əsasında qurulur və mübarizə aparmadıqda güclənərək insanı çıxa bilmədiyi çərçivələrə salır. Mütəxəssislərin fikrincə, qorxu insanlara müxtəlif cür təsir edir. Bəzi insanlar qorxduqda yerindəcə donub qalır. Bəziləri isə qorxunun təsiri altında heç vaxt cürət edə bilmədikləri şeyi bacarırlar.

Psixoloq Sevda Babayevanın sözlərinə görə, insan dünyaya göz açanda qorxulardan uzaq olur: "Onun yeganə qorxusu yüksək tonda olan səs və hündürlükdür. Uşağın həyatının ilk aylarında qorxu ona özünü müdafiə etməyə imkan verir. Bütün başqa qorxularsa, xüsusilə də, uşaqda 4 yaşına kimi formalaşır və onun bütün həyatına iz buraxır. İnsan yaşlandıqca da başına gələn hadisələr nəticəsində onda müxtəlif şeylərə görə qorxular formalaşır. Adətən qorxuların səbəbi insanın özünə güvən hissinin aşağı olması, pis fikirlər, özünə qarşı yüksək tələblər olur".

Psixoloq məsləhət görür ki, qorxunun mənşəyindən asılı olmadan hər bir insan qorxunu dəf etməyi bacarmalıdır. Əks halda qorxu ona normal yaşamağa mane olacaq. Qorxunu dəf etmədikdə isə qorxu daha da güclənir. İnsan ilk növbədə anlamalıdır ki, qorxunu özündə yaratdığı kimi yox edə bilər. Adətən insan pis şeylər barədə düşündüyü üçün qorxur. Misal üçün, qəzanın baş verə biləcəyi haqqında tez-tez düşünən insan bundan çox qorxmağa başlayır. Bu səbəbdən də insan fikirlərini müsbət istiqamətə yönəltməli və yalnız yaxşı şeylərin baş verəcəyi barədə düşünməlidir. Unutmamalıdır ki, məhz qorxduğumuz hadisələri özümüzə cəlb edirik.

Çox vaxt qorxunun qalın keçilməz sədd kimi göründüyünü deyən S.Babayeva bildirib ki, qorxu insan hərəkətə keçdiyi zaman onun sadəcə illüziya olduğunu anlayır. İnsan qorxunu dəf edəndən sonra keçirdiyi həyəcanlara görə özünə gülməyə başlayır: "Qorxunu dəf etmək üçünsə bu hissə fikir vermədən hərəkət etmək lazımdır. Bunun üçün nədənsə qorxmağa başlayanda fikrinizi başqa istiqamətə yönəldin. Hansısa bir işlə məşğul olub başınızı qata bilərsiniz. Ən əsası isə qorxuya qalib gələcəyinizə inanın. Əgər məqsəd və arzularınıza nail olmaq istəyirsinizsə, qorxulara qalib gəlməyi bacarmalısınız" deyən həmsöhbətimizin sözlərinə görə, bunun üçün qorxuya fikir vermədən onun əleyhinə getmək lazımdır. Qorxduğunuz anlarda bu cür sözləri demək sizi sakitləşdirə bilər: "Mən çox qorxduğumu qəbul edirəm. Mən qorxuram, amma buna əhəmiyyət vermədən bunu edəcəyəm".

Nəzərə almaq lazımdır ki, insan tərəddüd etdikcə qorxu daha da güclənəcək. "Lakin qorxunun əleyhinə fəaliyyətə keçdiyiniz zaman qorxu azalmağa başlayacaq".

Qorxuya qalib gəlmək üçün qorxduğunuz bir şeyin baş verdiyini təsəvvür edin. Özünüz özünüzə sual verin: "Mən qorxuya qarşı çıxsam, ən pis halda nə baş verə bilər?"

Başınıza gələ bilən ən pis halı xəyalınızda yaşayanda qorxu artıq o qədər də güclü olmur. Qorxduğumuz obyekt onun haqqında heç bir informasiyamız olmadığı zaman təhlükəli olur. Bundan sonra onun əleyhinə hərəkət edəndə isə tədricən azalır və yoxa çıxır. Qorxunu azaltmaq üçün onu əsaslandırmaq, nəyə görə baş verdiyini anlamaq və düzgün qiymətləndirmək lazımdır. Qorxu neqativ emosiyalar üstündə qurulur. Bu səbəbdən də həyatınızın müsbət tərəfə dəyişəcəyini düşünmək, pozitiv əhval-ruhiyyə yaratmaq və xoş arzularla yaşamaq lazımdır. Onda qorxu və şübhələrə də yer qalmır.

Müsahibimizin dediyinə görə, çox vaxt insanlar nədənsə qorxduğunu gizlətməyə çalışırlar. Qorxduqları bir şey haqqında heç kimin bilmədiyini düşünəndə, özlərini təhlükəsiz hiss edirlər. Onlar qorxularını büruzə verməklə gülüş hədəfinə çevrilməkdən ehtiyat edirlər. Əslində isə qorxunu etiraf etmək və buna qalib gəlmək üçün başqaları ilə bu haqda danışmaq olar. Ola bilsin ki, həmin insan sizə qorxunuzun əsassız olduğunu izah edib qorxuya qarşı ilk addımları atmağa ruhlandıracaq.

Ekspress.az