Sidrquşu indiyə qədər müəyyən edilmiş ən güclü yaddaşa sahib olan quşdur.
Bu quş Şimali Amerikada böyük qayalıqların, dağların ətrafında və Böyük Kanyonda yaşayır. Onlar şam ağacının toxumları ilə qidalanırlar. Lakin bu toxumlar yalnız sentyabr ayının bir neçə həftəsi ərzində yeyilməli olur. Nəticə etibarilə, quş başqa həftələrdə qidalanmaq üçün tədarük görməlidir. Hər şeydən əvvəl toxumları gizlətmək üçün yer müəyyən edir. Bəzən müəyyən edilən yer şam ağaclarından 20 km uzaqda olur. Sidrquşu ağaclardan topladığı toxumları gizlətmək məqsədilə bu toxumları yerə basdırır. Toxumu ilk cəhddə torpağa batırır və bəzən də işarə kimi toxumun basdırıldığı yerə kiçik bir daş qoyur.
Sidrquşu sentyabr ayının 3 həftəsi ərzində dayanmadan toxum toplayır. Çox möcüzəvidir ki, bu quş uçduğu zaman getdiyi yerləri, ağacları, qayaları, yamacları xatırlayır. Belə güman edilir ki, quş bütün bunları beynində canlandırdığı xəritəyə əlavə edir. Sidrquşu məhsuldar işlədiyi qısa zaman ərzində Böyük Kanyon ərazisinə yüzlərlə kilometr sahəyə 100 minə yaxın toxum basdırır. O, bu toxumların yerini əzbərləməlidir, çünki növbəti aylarda qidalanmaq üçün əzbərlədiyi xəritəsinə ehtiyacı olacaq. Əgər basdırdığı toxumların yerini xatırlamazsa, yaşaya bilməz. Amma bir problem də qalır. Qoyduğu işarələrin yerini ayrı-ayrı yadda saxlaması çətinləşir, çünki qar yağandan sonra görüntü tamamilə dəyişir. Yəni qar yağarkən qoyduğu işarələr də itir. Lakin bu vəziyyət quşu çaşdırmır və sidrquşu basdırdığı 100 minə yaxın toxumun 90%-ni tapır. (Wikipedia, Clark's Nutcracker) Məsələnin digər hikmətli tərəfi ondan ibarətdir ki, quşun tapa bilmədiyi toxumlar həm də ağacların say artımını təmin edir.
Bir quş qidalandığı qidanın ilin müəyyən vaxtında bitəcəyindən və yaşamaq məqsədilə qidanı gizlədib daha sonra gizlətdiyi yerləri müəyyən edəcəyindən xəbərdar ola bilməz. Quşa qida maddəsini qış üçün tədarük görmək və qidanı müəyyən yerlərə basdırmaq öyrədilməyib. 100 min toxumun da yerini bir-bir hafizədə saxlamağın lazım olduğunu bilməsi mümkün deyil. Lakin bu canlı bütün bunları çox mükəmməl şəkildə icra edir, çünki o da yer üzərindəki hər bir varlıq kimi Allah’ın ilhamı ilə hərəkət edir. Bir il ərzində gizlətdiyi toxumların yerini heç bir çətinlik çəkmədən müəyyən etməyi ona ilham edən, onu yaradıb var edən Allah’ın qoruması və köməyinə ehtiyacı var.
Yaratdığı varlıqlara nəzarət edən, onlara saysız-hesabsız və bilmədikləri yerlərdən davamlı ruzilər bəxş edən Allah’dır. Kiçik bir quşda görünən bu xüsusiyyətlər Allah’ın böyüklüyünü və ucalığını bir daha ən gözəl şəkildə nümayiş etdFirir.
"Ruzisini daşıya bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, eşidəndir, biləndir". (Ənkəbut surəsi, 60)
Sevinc Haqverdizadə
Mod.Az