Ankarada Azərbaycan Gecəsi təşkil olunub - FOTO
17.7.2013

Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 5-ci Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində iyulun 16-da Azərbaycan Gecəsi təşkil olunub.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və səfirliyimizin dəstəyi ilə 5-ci Beynəlxalq Ramazan Şənliklərinin keçirildiyi sahədə Azərbaycan Evinin açılışı da olub.
Açılışı Keçiören rayon bələdiyyəsinin sədri Mustafa Ak, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev, səfirliyimizin əməkdaşları və AKP millət vəkili Feramuz Üstün həyata keçiriblər.
Azərbaycan Evində ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı əyani təbliğat materiallarının nümayişi ilə yanaşı, ölkəmizdə gedən yenidənqurma və abadlıq işləri ilə bağlı foto şəkillər də sərgilənib.

Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara "İrs-Miras" jurnalı və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.
Tədbirin açılış nitqini həyata keçirən Keçiören rayon bələdiyyəsinin sədri Mustafa Akın ardından Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev və AKP millət vəkili Feramuz Üstün öz ürək sözlərini çoxsaylı qonaqlarla bölüşüblər.

Daha sonra tədbir iştirakçıları üçün Kərkük Türkmənləri Musiqi Qrupu tərəfindən Quranı Kərim oxunmuş, dini musiqilər səsləndirilib.

Milli.Az